Dünən axşam saatlarından etibarən Oğuz rayonunda güclü küləkli hava müşahidə olunur.
"Report"un məlumatına görə, güclü külək rayonda bir sıra fəsadlar törədib.
Belə ki, güclü külək nəticəsində iri gövdəli ağaclar Oğuz-Bayan avtomobil yoluna aşıb. Bu səbəbdən nəqliyyat vasitələrinin hərəkətində məhdudiyyətlər yaranıb.
Bundan başqa, külək nəticəsində elektrik naqilləri və internet xətləri qırılıb. Hazırda rayonun bir hissəsində elektrik enerjisinin və internetin verilişində fasilələr yaranıb.
Səhər saatlarından etibarən aidiyyəti qrumların əməkdaşları fəsadların aradan qaldırılması istiqamətində işlər aparırlar.