
Noyabrın 9-u günorta saatlarında Türkiyənin İzmir vilayətinin Aliağa rayonunda yerləşən HABAŞ Dəmir-Polad Zavodunda partlayış baş verib..
Senzor.az ölkənin səhiyyə naziri Kamal Memişoğlunun "X" sosial şəbəkə hesabında verdiyi son məlumata istinadən bildirir ki, partlayış nəticəsində ölənlərin sayı 17-yə yüksəlib.
Qeyd edək ki, bundan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra keçirdiyi mətbuat konfransında hadisə nəticəsində 16 nəfərin həyatını itirdiyini, 2-si ağır olmaqla 13 nəfərin yaralandığını bildirmişdi.
Həlak olan işçilərin ailələrinə başsağlığı verən və yaralananlara şəfa diləyən Prezident onu da qeyd etmişdi ki, hadisədən dərhal sonra energetika, səhiyyə və daxili işlər nazirləri hadisə yerinə göndərilib.
Dövlət başçısı, həmçinin bildirmişdi ki, partlayışla bağlı məhkəmə və inzibati araşdırmalara başlanılıb. Hadisənin hansı səbəbdən baş verdiyi və kimlərin məsuliyyət daşıdığı müəyyən ediləcək.