AZAL-ın “Embraer-190” təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan 24 azərbaycanlının (3 ekipaj üzvü və 21 sərnişin) cənazəsi Qazaxıstandan Bakıya gətirilib.
Senzor.az bildirir ki, cənazələri daşıyan təyyarə Heydər Əliyev adına Beynəlxalq Hava Limanına eniş edib.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub.
Onlardan 38-i həlak olub, 29-u sağ qalıb. Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır.
Onu da qeyd edək ki, həlak olanlardan 4-nün nəşi, həmçinin 14 yaralı dekabrın 26-da ölkəyə gətirilmişdi.