"Orta əsr Ağsu şəhəri" Dövlət Tarix-Mədəniyyət Qoruğunda "Bahar-2025" Novruz festivalı keçirilib.
Festival Qoruğun, Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi və Ağsu rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə reallaşıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirin açılış mərasimində Ağsu Qoruğunun direktoru Şölə Bayramova çıxış edib, festival çərçivəsində Qoruq ərazisində etnoqrafik guşə yaradıldığını bildirib.
Qeyd edib ki, bu guşədə milli-mənəvi dəyərlərimizə, ənənələrimizə aid eksponatlar - milli xalçalar, palazlar, səhənglər, cəhrə, dəyirman daşı, mis qablar, məşrəf, sandıq, heybə, kəlağayı, qurama nümayiş olunur. Etnoqrafik guşə aprelin 1-dək ziyarət üçün açıq olacaq.
Festivalda folklor və qədim sənətkarlıq nümunələri, basmanaxış texnikası ilə hazırlanmış eksponatlar, abidə heykəlcikləri və Orta əsr Ağsu şəhərindən aşkar edilmiş artefaktlar təqdim olunub.
Həmçinin festival iştirakçıları milli mətbəximizin dadlı təamlarından olan qutab, yuxa, qovurğa kimi nemətlərin bişirilmə prosesini izləyib və şəkərbura, paxlava kimi şirniyyatlara qonaq ediliblər.
Bayram şənliyi çərçivəsində iştirakçılar qədim adətlərimizlə də tanış olublar. Festivalda Ağsu rayon uşaq musiqi məktəbinin kollektivi çıxış edib, maraqlı səhnəciklər və rəqslər ifa olunub. Ağsu Tədris Mərkəzinin şagirdləri nəlbəki rəqsini təqdim edərək, Novruz şeirləri səsləndiriblər.
Bayramın ən vacib məqamlarından biri Novruz tonqalının yandırılması olub. Qoruq ərazisinə Qarabağ atları gətirilib.