Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2025”ə start verilib.
Senzor.az bildirir ki, “Küləyə qalib gəl” şüarı ilə keçirilən yarış üçün 28 minədək iştirakçı qeydiyyatdan keçib.
Artıq 8-ci dəfədir təşkil olunan Bakı Marafonuna tanınmış siyasi-ictimai, incəsənət xadimləri, ziyalılar, ümumilikdə, 200-dən çox rəsmi və fəxri iştirakçı qatılıb.
Marafona Azərbaycan vətəndaşları və ölkəmizdə yaşayıb-çalışan əcnəbilərlə yanaşı, digər ölkələrdən - Almaniya, Amerika Birləşmiş Ştatları, Avstraliya, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Fransa, Hindistan, İspaniya, İtaliya, Kanada, Niderland, Özbəkistan, Polşa, Rusiya, Türkiyə, Ukrayna və s. - qoşulanlar da var.
Marafondan öncə yürüşdə fiziki imkanları məhdud şəxslər və Daun sindromlu uşaqlar iştirak ediblər.
2016-cı ildən təşkil edilən Bakı Marafonu idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək məqsədi daşıyır.
Marafona səhər saat 10-da start verilsə də, saat 7-dən etibarən Bayraq Meydanında artıq yarış əhval-ruhiyyəsi yaşanıb. Burada təşkil olunan atletlər zonasında iştirakçılar üçün yarışdan əvvəl yoqa, isinmə məşqləri keçirilib, “fan zona”da DJ-lər, müxtəlif əyləncə və interaktiv oyunlar təşkil edilib.
Start və finiş nöqtələri Dövlət Bayrağı Meydanı olan marafonun marşrutu Dənizkənarı Bulvar, o cümlədən paytaxtın mərkəzi küçə və prospektlərini, ümumilikdə 21 km-lik məsafəni əhatə edir.
Sonda qaliblərin mükafatlandırılması mərasimi olacaq.
Qeyd edək ki, yarışın qızıl medal mükafatçısı 3000, ikinci pillənin sahibi 2000, üçüncü yerin sahibi isə 1000 AZN mükafat əldə edəcək.