Azərbaycan müəllimlərinin XVI qurultayı keçirilir - PREZİDENT İŞTİRAKÇILARA TƏBRİK MƏKTUBU ÜNVANLAYIB

Bakı Konqres Mərkəzində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən Azərbaycan müəllimlərinin XVI qurultayı öz işinə başlayıb. Qurultaya ümumi, orta ixtisas, peşə, ali təhsil və elmi müəssisələrdən 1600-dən çox nümayəndə qatılıb.

 

Senzor.az bildirir ki, tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, Baş nazirin müavini Əli Əhmədov, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Milli Məclisin deputatları və digər rəsmi şəxslər iştirak edirlər.

 

Qurultay Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.

  **

Azərbaycan Prezidenti İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Azərbaycan müəllimlərinin XVI qurultayının iştirakçılarına təbrik məktubu ünvanlayıb. 


Mətni Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva oxuyub.

 

Məktubda deyilir: 

 

"Hörmətli qurultay iştirakçıları!

 

Əziz müəllimlər və təhsil işçiləri!

 

Azərbaycan müəllimlərinin XVI qurultayının öz işinə başlaması münasibətilə sizi ürəkdən salamlayır, ölkəmizin təhsil işçilərinə ən xoş arzularımı yetirir, hamınıza cansağlığı və şərəfli fəaliyyətinizdə yeni nailiyyətlər arzulayıram.

 

Bu qurultay “Heydər Əliyev İli” çərçivəsində keçirilməsi və Ümummilli Liderin 100 illik yubileyinə həsr olunması ilə əlamətdardır. Ulu Öndər genişmiqyaslı fəaliyyətində təhsilin dinamik inkişafına həmişə həssaslıqla yanaşmış və misilsiz qayğı göstərmişdir. Təhsil ocaqlarımız yüksəliş mərhələlərini məhz Heydər Əliyevin rəhbərliyi dövründə yaşamışdır. Milli təhsildə zamanın çağırışlarına müvafiq, gələcək perspektivlər yönündə atılan uğurlu addımlar həmin dövrdə ardıcıl surətdə gerçəkləşdirilmiş dövlət siyasətinin nəticəsidir.

 

“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın icrasına başlanılmasından bəri keçən müddətdə təhsilin bütün pillə və səviyyələrində innovativ təşəbbüslərin tətbiqi genişləndirilmişdir. Təhsil sistemində idarəetmənin qabaqcıl dünya təcrübəsinə uyğun təkmilləşdirilməsinə, universitetlərimizin beynəlxalq reytinq cədvəllərində irəliləməsinə, təhsilin elmlə inteqrasiyasının dərinləşdirilməsinə daim xüsusi diqqət yetirilir. Kadr ehtiyatının səriştəlilik baxımından gücləndirilməsi, müəllim peşəsinin ictimai nüfuzunun möhkəmləndirilməsi və müəllim fəaliyyətinin qiymətləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır.

 

Azərbaycan təhsil sisteminin mütərəqqi beynəlxalq meyarlara əsaslanması rəqabətqabiliyyətli insan kapitalının hazırlanması prosesinə töhfəsini verməkdədir. İstedadlı gənclərimizin xarici ölkələrin tanınmış ali təhsil müəssisələrində təhsil almalarına dövlətimiz hər bir lazımi dəstəyi təmin edir.

 

Vətən müharibəsindəki parlaq qələbəmizdən dərhal sonra azad olunmuş ərazilərimizdə ən müasir standartlarla tikilən məktəblər artıq fəaliyyətdədir. Bu məktəblərdə gələcəyimizin layiqli vətəndaşları oxuyurlar. Yeni yaradılan Qarabağ Universiteti isə, şübhəsiz, regionda tarixən mövcud olmuş təhsil mühitini çox yaxın vaxtda canlandıracaqdır.

 

Ötən dövrün dolğun təhlilini apararaq təhsil sahəsində strateji məqsədlərə nail olmaq və Böyük Qayıdışa dair I Dövlət Proqramında nəzərdə tutulmuş hədəflərə çatmaq əzmi ilə ali məclisinizin ətraflı müzakirələr şəraitində mühüm qərarlar qəbul edəcəyinə və ölkənin intellektual potensialını təhsildə dayanıqlı inkişaf naminə sıx birləşdirəcəyinə əminəm.

 

İnanıram ki, xalqımıza Zəfər sevinci yaşadan igid və qəhrəman övladlarımızın formalaşması naminə müstəsna əmək sərf etmiş fədakar müəllimlərimiz gənc nəslə bundan sonra da mükəmməl bilik verməklə yanaşı, onların milli-mənəvi dəyərlərə bağlılıq və azərbaycançılıq məfkurəsi ruhunda böyümələri üçün var qüvvə ilə çalışacaqlar".

 

**

 

Xatırladaq ki, qurultayın birinci günündə “Ümummilli Lider Heydər Əliyev və Azərbaycan təhsili”, “İşğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış”, “Azərbaycan dili yeni çağırışlar müstəvisində”, “Rəqəmsallaşma, süni intellekt və təhsilin transformasiyası”, “Ümumi təhsilin məzmununa müasir yanaşmalar”, “Ümumi təhsilin idarə olunmasına müasir yanaşmalar”, “Peşə təhsili və gələcək üçün bacarıqlar”, “Müəllim hazırlığı və müəllimlərin peşəkar inkişafının prioritet məsələləri”, “Elm və ali təhsilin inteqrasiyası”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsilə cəlbi: inklüziv, inteqrasiyalı və xüsusi təhsil”, “Məktəbəqədər təhsilin məzmunu və əhatə dairəsinin genişləndirilməsi” mövzularında panel sessiyaları keçiriləcək.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.