Türkiyə ilə Suriya arasında gərginlik yenidən alovlanır. Belə ki, Bəşər Əsədə bağlı Suriya ordusu Fərat çayının şərqinə, Türkiyə sərhədinə yaxın əraziyə əlavə qoşun yeritməyə başlayıb. Əsəd rejiminə bağlı qüvvələr kürd terrorçularla birlikdə hərəkət edirlər.
Nə baş verir?
Aydın məsələdir ki, indiki məqamda Əsəd rejiminə bağlı qüvvələrin kürd terrorçuları ilə bilikdə Türkiyə sərhədinə yaxın əraziyə əlavə qoşun yeritməsi təsadüfi deyil. Xüsusilə də burada diqqətçəkən ən vacib məqam bu prosesin məhz Astana üçlüyünün Tehran sammiti sonrası baş verməsidir. Bundan öncə isə İraqın şimalında yerləşən Zaho rayonunda 8 nəfərin ölümünə və 23 nəfərin yaralanmasına səbəb olan hücum sonrası İraqda Türkiyə əleyhinə etirazların başlaması, paytaxt Bağdadda Türkiyə Mədəniyyət Mərkəzindəki türk bayrağının endirilməsi kimi hadisələr də diqqət çəkmişdi.
Hər iki proses ondan xəbər veri ki, Tehran sammitində Türkiyə, Rusiya və İran liderləri konkret razılığa gələ bilməyiblər. Bunu təsdiqləyən digər bir fakt da son günlər Rusiyanın Suriyadakı hərbi kontingetini artırmasıdır. Əsəd ordusunun olduğu ərazilərdə Rusiya hərbi helikopterlərinin patrul xidməti aparması da vacib nüanslardandır.
İraqda hibrid, Suriyada lokal müharibə!
Hesab edirəm ki, Tehran sammitində Rusiyadan daha çox İran ilə Türkiyə razılığa gələ bilməyiblər. Aydın məsələdir ki, rəsmi Tehran Ankaranın bir müddətdir anonsunu verdiyi Suriyanın şimalında başladacağı yeni antiterror əməliyyatlarından narazıdır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İrana səfəri zamanı ali dini lider Seyid Əli Xamenei ilə görüşdə də bu hiss olundu. Belə ki, İran ali dini lideri Xamenei görüş zamanı Türkiyənin mümkün əməliyyatlarına işarə edərək “Suriyanın şimalında hər hansı hərbi addım Türkiyənin də, Suriyanın da zərərinə olacaq” dedi.
Onun bu sözlərinin ardınca əvvəl İraqda Zaho insidenti oldu və anti-Türkiyə aksiyaları keçirildi, indi isə İranın da dəstəklədiyi Əsəd ordusu Türkiyə sərhədinə hərbi qüvvələr cəmləyir. Hər iki hadisə proseslərin pərdə arxasında İranın olduğunu göstərir.
İran Əsəd kartını oynayaraq Ankaranı ehtimal antiteror əməliyyatlarından çəkindirməyə çalışır. Yəni antiterror əməliyyatları başlasa Türkiyənin qarşısında terrorçular deyil, Suriya ordusu olacaq mesajı verilməyə çalışılır.
Türkiyə Əsəd qüvvələri ilə hərbi qarşıdurmaya gedərmi?
Əvvəla, onu deyim ki, Türkiyə Suriyanın şimalında antiterror əməliyyatı keçirməkdə qərarlıdır. Hətta Prezident Rəcəb Tayyib Ərdoğan Suriya sərhədi boyunca 30 km-lik təhlükəsizlik koridorunu tamamlamaq niyyətində olduqlarını deyib. Yəni Ankaranın indiki mənada geri addım atacağı inandırıcı deyil. Bununla belə, Türkiyənin Əsəd qüvvələri ilə toqquşmaya girməsi də inandırıcı deyil.
Məsələ ondadır ki, rəsmi Ankaranın apardığı antiterror əməliyyatları BMT nizamnaməsinin 51-ci maddəsinə əsaslanır. Türkiyə də bu minval ilə Suriya sərhədi boyunca 30 km-lik təhlükəsizlik koridorunu tamamlamaq niyyətindədir. Ancaq türk qüvvələrinin Əsəd qüvvələri ilə ehtimal toqquşması prosesi antiterror əməliyyatları kontekstindən çıxarıb iki ölkə arasında müharibə kontekstinə keçirə bilər. Düşünmürəm ki, Ankaranın belə bir niyyəti olsun. Ehtimal ki, Ankara belə bir ssenaridən yayınmağa çalışacaq.
Proses bu ssenari üzrə cərəyan etsə, bu zaman Kremlin ona müdaxiləsi qaçılmazdır. Həm İran, həm də Rusiya yaxşı bilirlər ki, Əsədin Türkiyə qarşısında şansı yoxdur. Əsədin Türkiyəni qarşısına alması onun hakimiyyətinin sonu deməkdir.
Turan Rzayev,
politoloq