Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfəri başa çatdı. Səfərin diqqətçəkən başlıca məqamı isə, şübhəsiz, Soçidə keçirilən üçtərəfli görüş və liderlərin üçtərəfli görüşünün yekunları ilə bağlı qəbul etdikləri Soçi bəyanatı oldu.
Soçi görüşünü ümumilikdə Azərbaycan üçün uğurlu hesab etmək olar:
Birincisi, birgə bəyanatda tərəflər bütün problemli məsələləri BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq yalnız suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması əsasında müzakirə edərək həllinə razılaşdıqlarını bildiriblər.
Bu sənədlə Ermənistan və Azərbaycan qarşılıqlı olaraq bir-birilərinin ərazi bütövlüyünü tanıyıblar. Onu da qeyd edim ki, Alma-Ata Protokolu həm də bundan öncəki Praqa bəyanatında var idi.
Əslində tərəflər bununla Cənubi Qafqazda sülhün əldə edilməsi istiqamətində imzalanacaq istənilən anlaşmanın ölkələrin ərazi bütövlüyü və suverenliyi çərçivəsində mümkün olduğunu qəbul etmiş oldular. Rəsmi İrəvan da bunu bir daha qəbul etməli oldu.
İkincisi, Soçi bəyanatında Qarabağ və “status”a dair heç bir ifadə yer almayıb. Halbuki Ermənistan görüşdən öncə bu məsələni gündəmə gətirməyə çalışacağını açıqca bəyan etmişdi. Lakin görüşdən öncə Prezident İlham Əliyev açıqca bəyan etdi ki, “münaqişə iki il öncə başa çatıb və Qarabağ, orada yaşayan ermənilər Azərbaycanın daxili məsələsidir”.
Bəyanatda Qarabağ və “status”a dair heç bir ifadənin yer almaması həm də Xankəndidəki son mitinq fonunda separatçıların ümidlərini puç etmiş oldu.
Üçüncüsü, görüşdə 9 noyabr 2020, 11 yanvar və 26 noyabr 2021-ci il üzrə üçtərəfli bəyanatların icrası da müzakirə edildi. Tərəflərin qeyd edilən bəyanatların icrasını müzakirə etməsi erməni qoşunlarının Azərbaycan ərazisindən tam çıxarılması, o cümlədən Zəngəzur dəhlizinin verilməsi öhdəliyinin yerinə yetirilməsinin arxa plana keçmədiyini göstərir.
Nəticə etibarilə Soçi görüşü bir daha təsdiq etdi ki, Azərbaycan bütün platformalarda öz haqlı mövqeyini təqdim edib və proses boyu onu qoruyub saxlaya bilir. Bu, Azərbaycan diplomatiyasının gücüdür.
Turan Rzayev,
politoloq