Azərbaycan dünya geosiyasi məkanında ərazi və əhali baxımından böyük olmasa da, "ağır çəkililər"in qısqanclıqla davrandıqları "orta güc" liqasına yüksəlib.
XI Qlobal Bakı Forumu buna ən parlaq sübut sayıla bilər.
"Parçalanmış Dünyanın Bərpası" şüarlı forum əslində inkişaf etmiş dövlətlərlə inkişaf etməkdə olan ölkələr arasındakı münasibətlərdəki ikili standartlara, saxtakarlığa, yalanlara, güclülərin güc hesabına zəifləri qarət və istismar etməsinə qarşı yönəlmiş müqavimətin praktiki formata çevrilməsi istiqamətində əhəmiyyətli addımdır.
XI Qlobal Bakı Forumunda təkcə müharibə və sülh mövzularını yox, iqlim dəyişiklikləri, sağlamlıq, pandemiya, yeni texnologiyalar məsələlərini də müzakirə olunur.
Qlobal problemlərin qlobal həlləri olmalıdır: Azərbaycan da bu prosesdə fəal iştirak etməklə yanaşı, məsələlərin müzakirəsini də təşkil edir.
Bakıdakı forum həm də inkişaf etməkdə olan dövlətlərin məhdud sayda ölkələrlə təşkilatların qlobal hegemoniyasına qarşı etirazının kəskinləşməsidir.
Qərbin bəlli ölkələri ilə təşkilatlarının Azərbaycana olan münasibətinin kökündə də siyasi merkantillik durur.
Alman filosof Marks Şeller Qərbin belə kompleks hissini "ressentimant", yəni "qərəzə əsaslanan intiqam hissi" adlandırmışdı.
Halbuki böyük Zbiqnev Bjezinsik belə davranışın primitiv "idee fixe" olduğunu "Böyük şahmat taxtası" əsərində vurğulamışdı.
Qərbin dominionluq istəyi, yeritməyə çalışdığı süni geosiyasi imperativlər artıq qəbul olunmur və bu, neokolonialistləri daha da aqressivləşdirir.
… 44 günlük İkinci Qarabağ Müharibəsi və ondan sonra Xankəndidəki separatçı rejimə qarşı antiterror əməliyyatı Cənubi Qafqazda qüvvələr konfiqurasiyasını yenilədi.
Eyni zamanda, Azərbaycana qarşı Qərbin münasibəti də dəyişdi.
Daha konkret olsaq, Fransa, Yunanıstan, Belçika və s. ölkələr birmənalı olaraq Azərbaycanı geosiyasi "hədəf"ə alıblar. Prosesdə bir sıra beynəlxalq təşkilatlar da iştirak edir.
Səbəb kimi də insan haqları, demokratik dəyərlər, bir qrup jurnalistin həbsi, siyasi məhbuslar, fikir və sərbəst toplaşmaq azadlığı göstərilir.
Sayları və adları bəlli beynəlxalq təşkilatların illik reytinqlərində də ölkəmz ilk yerlərə layiq bilinmir.
Sadalanan vəsilələrə fərqli prizmadan baxdıqda, rəsmi Bakıya qarşı irəli sürülən ittihamların irredentliyi ortaya çıxır.
Azərbaycan "insan haqlarının kütləvi şəkildə pozulduğu ölkə" adlandırılır və iradların əksəriyyətinin qaynağı da budur.
Fəqət, "Freedom House" və ya "Amnesty İnternational" kimi beynəlxalq təşkilatların hesabatları ilə reytinqlərində belə, insan haqlarının total şəkildə qorunduğu ölkələr arasında ABŞ və ya Fransa ilk yerləri tutursa, elə həmin ölkələrdə insan haqlarını pozulması ilə bağlı statistika da "lider" mövqelərdədir.
Ümumiyyətlə, həmin reytinqləri subyektiv və paradoksaldır. Faktiki rəqəmlərə nəzər salsaq, etnik və dini əsasda dözülməzlik əsasında baş verən cinayətlərin sayına görə Fransa ilə Somali və ya Liberiya arasında cəmi 4,7 faizlik fərq var.
Həbs edilmiş jurnalistlərin sayı baxımından lider Haiti, Çin və ya İranla çox asanlıqla Meksika, Yunanıstan, Fransa, Belçika və Kipr rəqabət apara bilərlər.
Məsələn, təkcə 2023-cü ildə yunan Kiprində 63 (!) jurnalistə peşə fəaliyyəti ilə bağlı xəbərdarlıq olunub, 19 (!) mass-media strukturunun fəaliyyətinə rəsmi qurumlar tərəfindən süni əngəllər yaradılıb.
Sərbəst toplaşmaq azadlığı da evfemizmdir, çünki küçə nümayişləri, mitinqlər və yürüşlərin toplam statistikasına görə dünya ölkələri arasında lider üçlükdə Liberiya, Haiti və Şərqi Timor var. Amma həmin ölkələr adambaşına düşən ÜDM payı və vətəndaşların sosial rifah səviyyəsinə görə ən müxtəlif reytinqlərdə sonuncu yerlərdədir.
Cənubi Qafqaza gəldikdə, Ermənistan az qala regionda "demokratiyanın qalası" hesab olunur, baş nazir Nikol Paşinyanın aşkar Qərb yönümlü siyasəti Avropa İttifaqı və Avropa Parlamenti tərəfindən təqdir edilərək təriflənir, hətta Ermənistanın Aİ- üzvlüyünə namizəd statusu alması ilə bağlı müzakirələrə başlanacağı deyilir.
Rəsmi İrəvan ölkə iqtisadiyyatının artımı ilə qürrələnir.
Bəli, Ermənistanda rəsmi statistikaya görə və kağız üzərində iqtisadi artım var.
Bəli, Ermənistanda vətəndaşlar küçələrə çıxaraq mitinqlər keçirə bilərlər.
Və bəli, baş nazir ölkə mediasında sərt tənqid olunur.
Amma bütün bunlar inkişaf, tərəqqi, demokratik dəyərlərin stabilliyi və cəmiyyətin səbatlılığı sayıla bilərmi?
Ritorik sualdır və Qərbin bölgəmizlə bağlı geosiyasi manipulyasiyalarında istifadə etdiyi məqamlardır.
Ermənistan iqtisadiyyatındakı "artım" bütünlüklə Rusiyanın Ukraynada apardığı hərbi əməliyyatlarla bağlıdır.
Qərbin tətbiq etdiyi və sayı artıq 15 mini keçmiş sanksiyalardan yayınmağa çalışan Rusiya bir sıra ölkələr kimi, Ermənistandan da paralel, "boz" idxal əməliyyatları üçün istifadə edir.
Ermənistanda yeni açılmış şirkətlərin sayının "fantastik" artımı və Ermənistan-Rusiya ticari dövriyyəsinin - əsasən Rusiyaya ixracat - yüksəlişi məhz bəhs etdiyimiz məqamla bağlıdır.
Ermənilərin mitinq və yürüş keçirmək azadlıqlarına gəldikdə isə, həmin imkanlar iqtisadi inkişaf və vətəndaşların sosial rifah səviyyəsinə görə reytinqlərdə ən son yerlərdə duran ölkələrdə də var.
Küçələrə çıxıb yürüş etmək yaxşı yaşam demək deyil: 1990-cı illərin əvvəlindəki Azərbaycanı xatırlayaq. Küçələrdə az qala hər gün mitinq, yürüş, nümayişlər - soyuducularsa bomboş, hiperinflyasiya, sabahla bağlı ümidsizlik, başabəla idarəetmə, yarıtmaz qərarlar və s.
Təbii, demokratik dəyərləri heçə saymaq, insan haqlarının təminatını görməzdən gəlmək, hüquqları məhdudlaşdırmaq yolverilməzdir və rəsmi Bakı bunu bilir, yürütdüyü daxili siyasətdə stabillik, inkişaf və rifahı ön planda görməklə yanaşı, konstitusion hüquqları da təmin edir.
Stabillik heç bir halda Myanmada və ya Şimali Koreyadakı durğunluq, bütün azadlıqların boğulması, totalitarizm və diktatura kimi anlaşılmamalıdır.
Tam əksinə, stabillik Finlyandiya, Britaniya, Monako, İsveç, İsveçrə və ya Yaponiyadakı situasiyanın yerli şəraitdə fərqli inikası deməkdir.
Bakı da buna can atır.
11-ci Qlobal Bakı Forumu da inkişaf etməkdə olan ölkələrin artıq dağılıb parçalanan geosiyasi mexanizmlərin qalıqlarında yeni dünya düzəninin formalaşması istiqamətində atılmış növbəti addımlar sırasındadır.
Artıq iki ildir ki, Ukraynadakı hərbi əməliyyatlar dünyanın siyasi gündəminin əsas məsələsinə çevrilməklə yanaşı, Rusiya və kollektiv Qərb arasındakı qarşıdurmanı yeni, daha sərt və üst mərhələyə daşıyıb.
İnkişaf etməkdə olan dövlətlərə qarşı, o cümlədən hüquqlarını təmin edərək haqqını qorumağa çalışan Azərbaycana qarşı neosəlib yürüşünə çıxmaq fikrinə düşən dövlətlərlə beynəlxalq təşkilatlar hələ də dərk etmirlər ki, aqressiv, impulsiv qərarları yeni “soyuq savaş”ın təməlini qoya bilər.
Belə qarşıdurmanın yarada biləcək fəsadların aradan qaldırılması isə Berlin divarının yıxılması qədər asan olmayacaq.
Qərb etiraf etmək istəmir, lakin inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasındakı uçurum fasiləsiz genişlənir. “Qızıl milyard” adlanan Qərb “Qlobal Cənub” sayılan inkişaf etməkdə olan dövlətlərin resurslarını həyasızcasına istismar, quldurcasına qarət edir. Ərzaqdan tutmuş, tibbi yardıma qədər ən geniş arealda varlı dövlətlərlə kasıb və nisbətən kasıb dövlətlərin yararlanma imkanları arasında həddən ziyadə böyük fərqlər var.
COVİD-19 qlobal pandemiyası dönəmində “peyvənd irqçiliyi”ni xatırlamaq yetər.
Təbii, belə problemlər müzakirə olunur, diskussiyalara siyasətçilər, iş adamları, analitiklər, ekspertlər cəlb edilir. Nəticədə müxtəlif iqtisadi forumların, təhlükəsizlik və dialoq konfranslarının və s. populyarlığı artır.
Belə müzakirə müstəvisinə çox dövlətlər malik olmaq istərdilər.
Bakı kimi az paytaxt 11-ci Qlobal Foruma toplaşan siyasi, ictimai, dövlət və elm xadimlərini bir araya gətirə bilir.
Dövlət və hökümət başçıları ilə yanaşı, sabiqlər, beynəlxalq təşkilatların və böyük korporasiyaların rəhbərləri, məşhur ekspertlər və analitiklər Bakıya toplaşaraq parçalanmış dünyanın bərpa yollarını arayır, müzakirələr aparırlar.
Bakıda keçirilən forum Münhen Təhlükəsizlik Konfransı və ya Davos İqtisadi Forumu ilə artıq bir səviyyəyə, nüfuza və çəkiyə malik olay sayıla bilər.
44 günlük İkinci Qarabağ Müharibəsi və sonrakı hadisələr, yəni Azərbaycanın suverenliyini, ərazi bütünlüyünü və sərhəd toxunulmazlığını tam bərpa etməsi ölkəmizi aksiomatik olaraq “orta güc” liqasındakı dövlətlər sırasına yüksəldib.
Bu isə, təbii ki, yeni, əvvəlkindən tam fərqli xarici siyasət, diplomatiya strategiyası tələb edir.