
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə almaniyalı həmkarı Frank-Valter Ştaynmayer arasında telefon danışığı olub.
Senzor.az bildirir ki, bu barədə Türkiyə Prezident Administrasiyası Kommunikasiya İdarəsinin "X" sosial şəbəkə hesabında məlumat yayılıb.
"Liderlər Türkiyə-Almaniya ikitərəfli münasibətləri ilə regional və qlobal prosesləri müzakirə ediblər", - məlumatda bildirilib.
Əlavə olunub ki, Ərdoğan Türkiyə ilə Almaniya münasibətlərinin son dövrdə həyata keçirilən yüksəksəviyyəli təmaslarla inkişaf etdiyini xatırladıb.
Türkiyə lideri vurğulayıb ki, Yaxın Şərqdəki müharibə Avropanı da zəiflədir: "Bu gedişata sülhyönümlü yanaşma ilə müdaxilə edilmədiyi təqdirdə münaqişə prosesinin vuracağı zərər daha böyük olacaq".
O, Türkiyənin İran məsələsində olduğu kimi, Rusiya-Ukrayna müharibəsində də münaqişələrin müzakirələr yolu ilə sona çatdırılması və davamlı sülhə nail olunması üçün səy göstərdiyini söyləyib.