Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In bildirib ki, əgər düşmənlər “qarşıdurmanı seçsələr”, ölkənin silahlı qüvvələri onları məhv edəcək.
Koreya Mərkəzi Teleqraf Agentliyinin yaydığı məlumatda belə deyilir.
Məlumata görə, KXDR lideri zorakılıq və silahlı münaqişələrın artması səbəbindən ciddi şəkildə pisləşən mürəkkəb beynəlxalq vəziyyəti, habelə KXDR ətrafında qeyri-sabit və qeyri-müəyyən hərbi-siyasi vəziyyəti təsvir edib. “İndi müharibəyə həmişəkindən daha çox əsaslı hazırlıq işləri aparmaq lazımdır. Hazırlıqlar daha etibarlı və qüsursuz olmalıdır, söhbət təkcə müharibədən deyil, həm də qalib gəlinməli olan müharibədən gedir”, - deyə Kim Çen In bildirib.
O, həmçinin qeyd edib ki, hərbi münaqişədə qələbənin dəyişməz açarı - “ideyalar və hərbi metodun üstünlüyü” ilə say və texniki üstünlüyün öhdəsindən gəlməkdir.