Ermənistanı iki səfir idarə edir?
ELÇİN ALIOĞLUNUN YAZISI

ABŞ və Fransanın Ermənistandakı səfirləri Kristina Kvinlə Olivye Dekotinyi deyəsən, özlərini dövlətlərinin İrəvandakı diplomatik nümayəndəliklərinin rəhbərləri yox, qubernator sanırlar.

 

Onlar Ermənistan quberniyasının qubernatorları kimi açıqlamalar verir, bəyanatlarla çıxış edir, ağa qara deyir, qaranı da ağ kimi təqdim edirlər.

 

Fransanın Ermənistandakı səfirinin son bəyanatlarına nəzər salsaq, onların istisnasız olaraq hamısı diplomatik etiket və səfirliklərin fəaliyyətini tənzimləyən, 1961-ci ildə Vyanada qəbul edilmiş konvensiyanın şərtlərinin kobud şəkildə pozulmasıdır.

 

O.Dekotinyi gah "qarabağlı ermənilərin məruz qaldıqları deportasiya"dan bəhs edir, gah Fransanın Ermənistanı mütləq şəkildə sürətlə silahlandırmaq məcburiyyətində olduğunu vurğulayır, gah Azərbaycanın Ermənistanla şərti dövlət sərhədinə gələrək rəsmi Bakının ünvanına hədələrlə zəngin paylaşımlar edir, gah da Parisin İrəvanı maksimum dərəcədə dəstəklədiyini və bu dəstəyin daha da güclənəcəyini bəyan edir.

 

Fransanın Ermənistandakı diplomatik missiyasının rəhbəri səfirdən daha çox, siyasi makler və vasitəçi təsiri bağışlayır. Onun diplomatik təcrübəsi, intellekti və yaşanan prosesləri dəyərləndirmək üçün məntiqi ümidsizlik doğurduğundan, Olivye Dekotinyi isterik demaqoq təsiri bağışlayır.

 

ABŞ-ın Ermənistandakı səfiri xanım Kristina Kvin isə tam fərqli davranır və təcrübəli diplomat əvəzinə usta intriqan, peşəkar yalançı obrazındadır.

 

K.Kvinin "Azadlıq Radiosu"nun erməni xidmətinə verdiyi müsahibə provokativ çağırışlarla absurd iddiaların bilərəkdən ifrata çatdırılmasının bariz nümunəsi sayılmalıdır.

 

Onun sözlərinə görə, ABŞ və Ermənistan arasında əldə edilmiş bir sıra razılaşmalar çərçivəsində Vaşinqton İrəvana zirehli təcili yardım maşınları verəcək.

 

Qarabağlı ermənilərin Azərbaycanı könüllü tərk edərək Ermənistana yollanması ilə bağlı suala K.Kvin çox "maraqlı" cavab verib: "Baş vermiş hadisələrlə bağldı faktların toplanması davam etdiyindən, qarabağlı ermənilərin məruz qaldığı hadisənin etnik təmizləmə və ya deportasiya olduğunu dəqiq deyə bilmərik. Yığılan faktlar sonradan ABŞ Dövlət Departamentinin hesabatında əks olunacaq".

 

Səfirin sözlərinə görə, aprelin 5-də Brüsseldə Avropa Komissiyasının sədri Ursula fon der Lyayenlə və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündə ABŞ-ın dövlət katibi Entoni Blinken "Qarabağdan deportasiya olunmuş ermənilərə dəstək" məqsədilə Vaşinqtonun 7,5 milyon dollar ayırdığını bəyan edib.

 

Kristina Kvinin daha sonrakı açıqlaması isə ümumiyyətlə, siyasi provokasiya sayıla bilər və sayılmalıdır da.

 

"Qarabağlı ermənilərlə bağlı hələlik konkret olaraq bunu deyə bilərəm ki, beynəlxalq hüquqa görə, qaçan insanların geri qayıtmaq və təhlükəsiz şəraitdə yaşamaq hüquqları olmalıdır. Birləşmiş Ştatlar qayıdış hüququnu qətiyyətlə dəstəkləyir. Biz, təbii ki, qarabağlı ermənilərin geriyə, Qarabağa nə zamansa qayıtmalarını təmin etməyin yollarını araşdırmaq üçün beynəlxalq təşkilatlarla işləməyə hazırıq. Vaşinqton qarabağlı ermənilərlə bağlı məsələni qapanmış hesab etmir. Təbii ki, sonadək həll olunmamış çoxsaylı problemlər var. Onu da deməliyəm ki, Ermənistanda olan qarabağlı erməni qaçqınların əksəriyyəti qayıdışı təhlükəsiz hesab etmirlər. Etiraf etməliyik ki, onların qayıda biləcəkləri mühit təhlükəsiz deyil. Bəhs etdiyim səbəbdən qarabağlı erməniləri Ermənistanda dəstəkləməyə üstünlük veririk. Onların qayıdışına və vətənlərində ləyaqətli, təhlükəsiz yaşamlarına imkan verən həll yolu tapılarsa, Azərbaycan hökuməti bu prosesdə əhəmiyyətli dərəcədə iştirak etməlidir", - K.Kvin deyib.

 

ABŞ-ın Ermənistandakı səfirinin bu açıqlaması təbii ki, Bakıda birmənalı qarşılanmayıb.

 

Birləşmiş Ştatların ölkəmizdəki səfirliyi olayla əlaqədar bildirib: "Amerika Birləşmiş Ştatları Cənubi Qafqaz regionunda hər kəsin, o cümlədən Ermənistanı tərk etmiş azərbaycanlıların hüquqlarına riayət olunmasını dəstəkləyir. ABŞ etnik mənsubiyyətindən və ölkəsindən asılı olmayaraq, hər kəsin hüquqlarına hörmət edildiyi regionda ədalətli və layiqli sülh üçün şəraitin yaradılmasını dəstəkləyir. Davamlı sülhə aparan yeganə yol danışıqlar masasına oturmaqdır".

 

Amma bu, yaranmış problemin həlli deyil.

 

Birləşmiş Ştatların Ermənistandakı səfiri Kristina Kvin "evlərini tərk edənlərin qayıdış hüququ"ndan bəhs edəndə nədən çalışdığı ölkədə bu problemlə bağlı vəziyyətdən bəhs etməyib?

 

Nə səbəbdən K.Kvin indiyədək bir dəfə də olsun 700 minə yaxın etnik azərbaycanlının Ermənistandakı yurd-yuvalarından, evlərindən vəhşicəsinə qovulmalarından, xalqımızın milli-mədəni və tarixi irsinin indiki Ermənistanda məhv edilməsindən bəhs etməyib?

 

Kristina Kvin nə üçün Ermənistandan sürgün edilən, çıxarılan azərbaycanlıların geri qayıdış hüquqlarından danışmaq istəmir?

 

Əgər ABŞ gerçəkdən də, Cənubi Qafqazda sülh və stabillik, inkişaf və rifah istəyirsə, Ermənistanda etnik və dini zəmində təqiblərə, işgəncələrə və qətllərə məruz qalmış soydaşlarımızın hüquqlarının bərpasına çalışmalı, yüz minlərlə azərbaycanlının indiki Ermənistana dinc, ləyaqətli və təhlükəsiz qayıdışının təmin edilməsi üçün əməli addımlar atmalı, konkret və səlis siyasi addımlar atmalıdır.

 

Halbuki, tam əks mənzərəni müşahidə edirik.

 

Apredin 5-də Brüsseldə keçirilmiş görüşlə bağlı rəsmi - təbii ki, natamam - açıqlamalara görə, ABŞ Ermənistana 65 milyon dollar məbləğində yardıim ünvanlayacaq. ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) direktoru Samanta Pauer isə rəhbərlik etdiyi qurumun İrəvana “ABŞ və Ermənistan arasında ticari dövriyyənin artması üçün” 33 milyon dollar verəcəyini bildirib.

 

Bundan başqa, ABŞ və Ermənistan arasında hərbi-texniki əməkdaşlığı intensivləşdirmək məqsədilə Vaşinqton İrəvana hərbi müşavir yollayacaq.

 

Azərbaycanın ərazilərinin 20 faizini 30 il ərzində işğalda saxlayan, minlərlə kvadrat kilometrlik ərazilərimizi minalayan, İkinci Qarabağ Müharibəsi zamanı şəhər və rayon mərkəzlərimizi raket-bomba zərbələrinə məruz qoyaraq dinc insanları qətlə yetirən Ermənistana qarşı hər hansı sanksiyalar tətbiq etməyən ABŞ-ın İrəvandakı səfiri “Bakı ilə bağlı fikir”lər söyləyir.

 

Elə absurd fikirlər ki, ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi İrəvandakı həmkarının açıqlamalarının yaratdığı mənfi reaksiyanı yumşaltmağa çalışır.

 

Lakin nə də olsa, ABŞ mövqeyini bildirməli və açıqlamalıdır ki, Birləşmiş Ştatların Bakıdakı səfirinin Şuşa və Xankəndiyə hələ bir dəfə də olsun (!) səfər etməməsi İkinci Qarabağ Müharibəsinin, habelə ötən ilin sentyabrında Azərbaycan Ordusunun Qarabağ iqtisadi regionunda keçirdiyi lokal antiterror əməliyyatlarının sonuclarının Vaşinqton tərəfindən tanınmaması kimi qəbul edilməlidir?

 

Sual açıq qalıb...






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.