Çeçenistan rəhbəri Ramzan Kadırov Təhlükəsizlik Şurasının katibi vəzifəsini tutan qardaşı oğlu Həmzəti “Çeçenistan Respublikası qarşısında xidmətlərinə görə” medalı ilə təltif edib.
Senzor.az bildirir ki, bu barədə “The İnsider” xəbər yayıb.
Mükafatlandırma mərasimi bir gün əvvəl - Çeçenistan hökumətinin ilin yekunlarına həsr olunmuş iclası zamanı baş tutub.
Dekabrın 25-də səhər saatlarında Həmzət Kadırov sosial şəbəkələrdə məlumat verib ki, Çeçenistana hücum edən bütün PUA-lar vurulub. Çeçenistan Təhlükəsizlik Şurasının katibi yazıb: “Dronların hansısa obyekti vurması barədə məlumat doğru deyil, hamısı vurulub!”.
Elə həmin gün Bakıdan Qroznıya uçan Azərbaycan Hava Yollarına məxsus təyyarənin Qazaxıstanda qəzaya uğradığı məlum olub. Təyyarə Qroznıda eniş edə bilməyib və qəzaya uğradığı Aktauda təcili eniş tələb edib. Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub. Qəza yerindən çəkilən görüntülərdə təyyarənin quyruq hissəsində dəliklərin olması qəzaya səbəb olan xarici müdaxilələrlə bağlı fərziyyələrə yol açıb. Cümə axşamı, dekabrın 26-da isə Euronews Azərbaycan hökumətindəki mənbələrə istinadən xəbər verib ki, Qroznı səmasında pilotsuz uçuş aparatlarının aktivləşdiyi vaxt təyyarə Rusiyanın “yer-hava” raketi ilə zədələnib…