AZAL-ın Aktauda qəzaya uğrayan sərnişin təyyarəsinin "qara qutu"ları ilə bağlı işlərə dekabrın 27-də Braziliyadan mütəxəssislər gəldikdən sonra başlanacaq.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Qazaxıstanın nəqliyyat nazirinin müavini və Mülki Aviasiya Komitəsinin sədri Talqat Lastayev məlumat verib.
"Alqoritm, standartlar var və bütün ölkələr onlara əsasən addım atırlar. İlk növbədə, vəziyyətə və bütün məlumatlara əsaslanaraq, təyyarə qəzasını araşdırmaq üçün komissiya yaradılır və "qara qutu"larla bağlı nə etmək lazım olduğuna o qərar verir. Hazırda bu proses gedir - fraqmentlər və detallar toplanılır. İstehsalçı ölkə Braziliyadan olan mütəxəssislər, aviadaşıyıcının öz nümayəndəsi sabah (artıq bu gün-red.) gələcəklər. Bütün bu insanlar bir araya gələndən sonra "qara qutu"nun necə deşifrə edilməsinə qərar veriləcək", - o deyib.
Xatırladaq ki, qəzanın baş verdiyi yerdə iki “qara qutu” tapılıb. Qazaxıstanın Mangistau vilayətinin nəqliyyat prokuroru Abılaybek Ordabayev Aktauda keçirdiyi brifinqdə bildirib ki, onlar əlavə ekspertiza üçün Hava Məkanında Qəzaların Araşdırılması İdarəsinə göndəriləcək.