Ərəb Liqası Suriyaya görə İrana xəbərdarlıq edib və Tehranı Suriyada qarşıdurmaları qızışdırmaq və gərginliyi artırmaq cəhdlərindən əl çəkməyə çağırıb.
Senzor.az bildirir ki, Ərəb Liqası Katibliyinin bəyanatında belə deyilir.
“Ərəb Liqası Suriyanın bir sıra şəhər və bölgələrində münaqişə qığılcımlarını alovlandırmaq məqsədi ilə atılan addımları narahatlıqla izləyir”, - bəyanatda bildirilib.
Qeyd edək ki, dekabrın 11-də İranın dini lideri Əli Xamenei Suriya gənclərini üsyana səsləyən çıxış edib.
Bundan sonra Suriyanın xarici işlər naziri Əsəd Əl-Şeybani İran hökumətindən Suriya xalqının suverenliyinə və iradəsinə hörmət etməyi istəyib və Tehranı bu ölkədə xaos yaratmaqdan çəkinməyə çağırıb.