Yunanıstan paytaxtı Afinada keçirilən paradda yunan hərbçilərinin Türkiyəyə qarşı ünvanladığı təhqiramiz şüarlarla bağlı istintaq tamamlanıb. Türkiyə əleyhinə şüarlar səsləndirən Yunanıstan Hərbi Dəniz Qüvvələri üzvlərinin cəzalandırılmasına qərar verilib.
Bu barədə "Haber Global" məlumat yayıb.
Qeyd edək ki, martın 25-də Afinada keçirilən hərbi parad zamanı Yunanıstan Hərbi Dəniz Qüvvələrinin kiçik zabit məktəbinin bir bölməsinin səsləndirdiyi təhqiramiz şüar hiddətə səbəb olub.
Sosial şəbəkələrdə paylaşılan videolarda hərbçilərin "Kipr Yunandır" kimi şüarlar səsləndirdikləri və Türkiyəyə qarşı təhqiramiz ifadələr işlətdikləri kadrlar əks olunub.
Hadisəyə görə məsuliyyət daşıyan bəzi səlahiyyətlilərə 20 günlük həbs cəzası verilib. Həmçinin hadisədə adı hallanan şəxslərə də, daha yüngül olmaqla, fərqli cəzaların verilməsi barədə qərar qəbul olunub.
Bildirək ki, rəsmi paraddakı insidentdən sonra Türkiyə Xarici İşlər Nazirliyindəki mənbələr Türkiyə-Yunanıstan münasibətlərinə xələl gətirmək məqsədi daşıyan bu davranışın qəbuledilməz olduğunu bildirmişdilər.
Eyni zamanda Yunanıstanın müxalifət partiyası olan Radikal Sol İttifaq (SYRIZA) da şüarları qəbuledilməz hesab etmiş və hadisənin araşdırılmasını tələb etmişdi.