
ABŞ-ın dövlət katibi Marko Rubio Livan Prezidenti Cozef Aun ilə Livan və İsrail arasında əldə olunmuş üçtərəfli çərçivə sazişinin icrasını müzakirə edib.
Senzor.az bildirir ki, ABŞ Dövlət Departamentinin mətbuat katibi Tommi Piqottun yaydığı yazılı açıqlamada belə deyilir.
Açıqlamaya görə, Rubio Livan hakimiyyətinin ölkənin suverenliyinin bərpası, "Hizbullah"ın silahsızlaşdırılması və təşkilatın hərbi infrastrukturunun ləğvi istiqamətində atdığı addımları yüksək qiymətləndirib.
ABŞ dövlət katibi Vaşinqtonun üçtərəfli çərçivə sazişinin uğurla həyata keçirilməsini dəstəkləməyə, həmçinin Livanda sülhün möhkəmləndirilməsi, iqtisadi bərpa və ölkənin gələcək inkişafına yardım göstərməyə sadiq qaldığını vurğulayıb.
Qeyd edək ki, iyulun 21-də Ağ Evdə Cozef Aunun ABŞ Prezidenti Donald Trampla görüşü keçiriləcək. Bu, 2009-cu ildən bəri ilk Livan–ABŞ sammiti olacaq. Tərəflərin atəşkəs rejiminin möhkəmləndirilməsi və Livanda sabitliyin təmin olunması yollarını müzakirə edəcəkləri gözlənilir.