
İranda Ali Lider Ayətullah Seyid Əli Xamenei ilə vida mərasimi təxirə salınıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu addım vida mərasiminə çoxlu sayda İran vətəndaşının qatılacağı nəzərə alınaraq lazımi tədbirlərin görülməsi məqsədilə atılıb.
Qeyd edək ki, vida mərasiminin bu gün yerli vaxtla saat 22:00-dan etibarən keçirilməsi planlaşdırılırdı.
Mərasimin yeni proqramının daha sonra elan ediləcəyi bildirilib.
**10:40
Bu gün İranda yerli vaxtla saat 22:00-dan etibarən ölkənin Ali Lideri Ayətullah Seyid Əli Xamenei ilə vida mərasimi keçiriləcək.
Senzor.az bildirir ki, bunu İranın İslam Təbliğatı Koordinasiya Şurasının sədri Məhəmməd Hüseyn Musapur yerli mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, Tehranda İmam Xomeyni Kompleksində (Mosalla) təşkil olunacaq vida mərasiminə bütün vətəndaşların gəlişinə imkan yaradılacaq.
Musapur vida mərasiminin 3 gün ərzində gecə-gündüz təşkil olunacağını deyib.
Şura rəsmisi qeyd edib ki, İranın Ali Liderinin dəfn mərasimi hələlik dəqiqləşməyib və bununla əlaqədar hazırlıq işləri aparılır.
Xatırladaq ki, fevralın 17-də Vaşinqton və Tehran arasında keçirilən nüvə danışıqlarının ikinci raundu irəliləyişsiz başa çatdıqdan sonra ABŞ İrana yaxın ərazilərdə mövcudluğunu artıraraq Avropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarə yerləşdirib.
Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasında İranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundu keçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baş tutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şans kimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldə olunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvə obyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafına müddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın 28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarına başlayıb.
İsrail və ABŞ-nin 28 fevralda həyata keçirilən hərbi hava hücumlarında İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei və onun ailə üzvləri ölüb.
Eyni zamanda İran Ordusunun Baş Qərargah rəisi general-mayor Əbdülrəhim Musəvi, İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) baş komandanı Məhəmməd Pakpur, İranın Ali Liderinin müşaviri və Müdafiə Şurasının katibi Əli Şəmxani, müdafiə naziri Əziz Nəsirzadə hərbi hava hücumları zamanı ölüblər.