
Rusiyanın “Rospotrebnadzor” qurumu bir sıra gürcü istehsalçılarının spirtli içkilərinin idxalına və satışına qadağa qoyub.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu, Avrasiya İqtisadi Komissiyası Şurasının qərarı əsasında müəyyən edimiş müvəqqəti sanitar tədbirlə bağlıdır.
Bu tədbir təsdiq edilmiş orqanoleptik, fiziki-kimyəvi və təhlükəsizlik tələblərinə cavab verməyən məhsulların ölkəyə idxalının və satışının dayandırılmasını nəzərdə tutur.
Qərara əsasən, Gürcüstanın “TELIANI VELI” ASC, “TBILVINO” ASC, “WINEMAN” MMC-dən şərab, “Georgian Brewing Company” ASC-dən pivə və “BRATYA ASKANELI” MMC-dən şərab və konyak məhsullarının, eləcə də Gürcüstandan qazlı sərinləşdirici içki olan “Coca-Cola”, “HELSI WATER”dən “Nabeglavi” mineral suyunun Rusiyaya idxalı qadağan edilib.
Qadağa iki tədbiri nəzərdə tutur: bu məhsulların Rusiyaya idxalının dayandırılmasını və ölkə daxilində onların sonrakı dövriyyəsinin məhdudlaşdırılmasını.
Ekspertlərin fikrincə, prinsip etibarı ilə bu vacibdir. Yəni sərhəddən yeni göndərişlərin qarşısını almaq bir şey, artıq anbarlarda və mağaza rəflərində olan məhsulları satışdan çıxarmaq isə tamamilə başqa bir şeydir.
Onlar hesab edirlər ki, istehlakçılara birbaşa təsir edən ikinci seçimdir.