Xorvatiya hakimiyyəti Serbiya Prezidenti Aleksandr Vuçiçə Yasenovac əsir düşərgəsinin yerindəki memorial kompleksi bir fərd olaraq ziyarət etməyi qadağan edib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Serbiyanın baş naziri Ana Brnabiç bu qərarı “Serbiya və Xorvatiya arasında yaxın tarixdə ən böyük qalmaqal” adlandırıb.
Xorvatiyanın “Jutarnji” nəşri hökumətə yaxın mənbələrə istinadən xəbər verir ki, Aleksandr Vuçiç rəsmi xəbərdarlıq etmədən və Xorvatiya səfirliyi ilə razılaşdırmadan sərhədi keçərək Yasenovaça gəlmək, sonra isə Pakrac şəhərinə səfər etmək istəyib: “O heç bir protokola əməl etməyib, hər şeyi diplomatik münasibətlərin prosedurları və qaydaları olmadan etmək istəyirdi. O, televiziya əməkdaşları ilə Xorvatiya sərhədini keçmək və burada istədiyini etmək istəyirdi. Amma Baş nazir Plenkoviç (Xorvatiyanın baş naziri Andrey Plenkoviç – red.) və hökumət açıq şəkildə “yox” dedilər”.
Serbiya tərəfi bildirib ki, Vuçiç Yasenovacı bir fərd olaraq ziyarət etmək və İkinci Dünya Müharibəsi zamanı düşərgədə həlak olan serblərin xatirəsini yad etmək niyyətində olub.
Prezidentin faktiki olaraq bütün ata qohumları müharibə zamanı, o cümlədən Yasenovac düşərgəsində xorvat millətçilərinin etnik təmizləməsi nəticəsində həlak olublar.
Serbiyanın daxili işlər naziri Aleksandar Vulin Xorvatiya hakimiyyətinin qərarını kəskin şəkildə pisləyib, XİN rəhbəri Nikola Selakoviç isə bununla bağlı təcili mətbuat konfransı keçirib.
Senzor.az