
Artıq sükan arxasında telefonla danışan sürücülər foto və ya video qeydiyyat funksiyasına malik xüsusi texniki vasitələrlə avtomatik rejimdə aşkar ediləcəklər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə təklif olunan yeni dəyişikliyə əsasən, sükan arxasında telefonu əldə saxlamaqla ondan istifadə edən sürücülər kameralar vasitəsilə qeydə alınaraq cərimələnəcəklər. Bu məsələ artıq Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirə olunub.
Əvvəllər bu xəta növü əsasən yol polisi əməkdaşları tərəfindən vizual olaraq aşkar edilirdisə, yeni dəyişikliklə proses tam rəqəmsallaşır. Kameralar tərəfindən qeydə alınan görüntülər birbaşa mərkəzi informasiya sisteminə ötürüləcək, elektron imza ilə təsdiqlənəcək və avtomatik qaydada sürücünün elektron kabinetinə göndəriləcək. İnzibati Xətalar Məcəlləsinə edilən düzəlişə əsasən, nəqliyyat vasitəsinin hərəkəti zamanı telefonu əldə saxlamaqla ondan istifadə edən şəxslər 50 manat məbləğində cərimə olunacaqlar. Müvafiq icazə olmadan və ya qaydaları pozmaqla avtomobillərdə qanunsuz reklam yayanlar da bu nəzarət sisteminə daxil ediləcəklər.
Bəs bu qərar sürücüləri sükan arxasında telefondan istifadə etməkdən çəkindirəcəkmi?
Məsələ ilə bağlı Patrul.az-a açıqlama verən avtoekspert Elməddin Muradlı bildirib ki, qanunvericilikdəki bu dəyişiklikdə təkcə telefonun deyil, digər cihazların da adı mütləq qeyd olunmalıdır: “Bu məsələ hələ ki müzakirə mərhələsindədir. Ümid edirəm ki, Milli Məclis bu qanunu tam təkmil formada qəbul edəcək. Çünki burada çox incə məqamlar var. İlk növbədə, “mobil telefon” ifadəsini birdəfəlik kənara qoymaq lazımdır. Çünki mobil telefon funksiyasını yerinə yetirən planşet, noutbuk kimi digər cihazlar da ortaya çıxır. Bu məsələləri ümumilikdə bir cümlə ilə tənzimləmək lazımdır. Qanun maddəsinə “mobil telefon funksiyasına malik xüsusi texniki vasitələr və cihazlar” ifadəsi əlavə olunsa, daha effektiv olar.
Əks halda, sürücü mobil telefonu əlində tutub cərimələnəcək, başqa biri isə planşeti və yaxud ona bərabər hansısa digər cihazı əlində saxlayacaq. Nəticədə həmin şəxs məhkəməyə şikayət edərək əlindəkinin mobil telefon olmadığını iddia edə biləcək. Halbuki planşet vasitəsilə də “WhatsApp” üzərindən danışmaq, “TikTok” izləmək mümkündür. Bəs belə olan halda qanun necə qərar verəcək? Bütün bunlar məhkəmələrdə çaşqınlıq yaradacaq. Ona görə də düşünürəm ki, Milli Məclis bu qərarı qəbul etməzdən öncə hər şeyi ətraflı dəyərləndirməlidir. Ölkədə kifayət qədər yaxşı hüquqşünaslar, mütəxəssislər var. Onlarla müzakirələr aparıb daha obyektiv qanun qəbul etmək lazımdır”. 
Ekspert bu dəyişikliyi yüksək qiymətləndirsə də, qanunun tam tətbiq olunmasının və boşluqların buraxılmamasının vacibliyini vurğulayıb: “Hesab edirəm ki, belə bir nəzarət mexanizminin tətbiqi çox önəmlidir. Çünki sükan arxasında mobil telefondan istifadə edərək ağır qəza törədənlər kifayət qədərdir. Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, sürücülər hələ də bu vərdişdən əl çəkmirlər. Telefon diqqəti tam yayan bir vasitə olduğu üçün sürücüləri ondan uzaqlaşdırmaq lazımdır. Çünki bu, həqiqətən də çox təhlükəlidir və bunu birdəfəlik qəbul etməliyik. “İşim var idi”, “evdən təcili zəng gəlmişdi, ona görə açdım” kimi bəhanələrə yer olmamalıdır”.
E. Muradlı qeyd edib ki, qanundakı boşluqlar bəzi sürücülərin məsuliyyətdən yayınmasına şərait yaradır: “Tanışlığım olan yol-patrul xidməti əməkdaşlarının çoxu danışır ki, artıq elə sürücülər var ki, onları simaca tanıyırlar. Hətta telefon əlində danışdığını görəndə belə, həmin şəxslər polisə qarşı şər-böhtan atmağa başlayır, açıq şəkildə şikayət edib deyirlər: “Məni görməmişdin, sübutun yoxdur, mən telefonla danışmırdım, əlimdə tutub elə-belə oynadırdım”. Bəs belə olan halda məsələ necə tənzimlənəcək?
Bax, bu cür nüanslarla bağlı ciddi şəkildə müzakirə aparılmalı, məsələyə ətraflı yanaşılmalıdır ki, yarımçıq qanun qəbul olunmasın”.
“Artıq dünyanın bir çox ölkələrində sükan arxasında mobil telefondan istifadə edən sürücülərə qarşı sərt tədbirlər görülür, ciddi mübarizə mexanizmləri qurulur. Bizdə də bu qaydanı elə tətbiq etmək lazımdır ki, insanlar telefondan uzaq dursunlar və qərəzli şəxslər qanunun yaratdığı boşluqlardan istifadə edə bilməsinlər. Əks halda, mübahisələr çox olacaq və kamera ilə aşkar olunan xətaların bəziləri yenə də cəzasız qala bilər. Amma niyə cəzasız qalmalıdır? Hər kəs törətdiyi xətaya görə məsuliyyət daşımalı və cəzasını çəkməlidir”, – deyə ekspert fikirlərini yekunlaşdırıb.