AzTV-nin efirində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) fəaliyyəti ilə bağlı süjet yayımlanıb.
Senzor.az bildirir ki, “Qocaman elm ocağında qocalaşma prosesi: AMEA-da işçilərin yaşından başqa heç nə dəyişməyib” adlı süjetdə qurumun fəaliyyəti sərt şəkildə tənqid edilib.
Belə ki, iş vaxtı bitərkən, yəni saat 18 radələrində binaya daxil olan müxbir və operator elm ocağında heç kimin olmadığını, AMEA-dan bir nəfərin belə çıxdığını görmədiklərini bildirərək, işıqların söndürüldüyünü vurğulayıblar.
Qeyd olunub ki, çəkilişə icazə verilmədiyini deyən mühafizəçi dərhal rəhbərini çağırıb.
O isə bildirib ki, AMEA kollektivinin 80 faizi məzuniyyətdə olduğu üçün hazırda binada heç kim yoxdur: “Çəkiliş etmək istəyirsinizsə, səhər saat 10-11-də gəlin”.
AMEA Rəyasət Heyətinin mətbuat katibi Azadə Balayeva həmin süjetə münasibət bildirərkən jurnalistlərə deyib ki, elm müəssisəsində iş qrafiki fərqli ola bilər: “Bura avadanlıq hazırlayan zavod deyil ki, standart saatda işdə olasan. Yəni AMEA-nın iş qrafikini zavodla eyniləşdirmək olmaz. “Mən 15 dəqiqədir buradayam, insanlar çıxmadı, işə gəlmir, işləmir” kimi fikirləri səsləndirməyi doğru hesab etmirəm. İşçilərdən kimsə deməyib ki, biz bu saatda getmişik. Nəyisə deyəndə faktlar olmalıdır. Bura elm ocağıdır və iş qrafiki fərqlidir”.
O da qeyd edib ki, hazırda AMEA əməkdaşlarının əksəriyyəti məzuniyyətdədir: “Bundan başqa, binanın digər qapısı da var. İşçilər oradan da çıxıb gedirlər”.