İtaliyanın paytaxtı Romada güləş üzrə U-17 dünya çempionatı davam edir.
Senzor.az bildirir ki, qızlardan ibarət millimizin üzvü Elvina Kərimzadə (43 kq) ilk mərhələdə ABŞ təmsilçisi Erika Pastorizaya məğlub olub. Ancaq rəqib finaladək irəlilədiyi üçün E.Kərimzadə təsəlliverici görüşdə iştirak hüququ əldə edib. Güləşçimiz polşalı Dominika Konkelə 4:1 hesabı ilə qalib gəlib. Təmsilçimiz qazaxıstanlı Arina Abdullinanı isə "tuşe" ilə məğlub edərək bürünc medal qazanıb.
Çempionatda 49 kiloqram çəki dərəcəsində mübarizə aparan Ruzanna Məmmədova əvvəlcə rumıniyalı Ana Mariya Rotaruya “tuşe” ilə qalib gəlib. Avropa çempionumuz səkkizdəbir finalda bolqar Viktoriya Boynovadan güclü olub – 7:1. R.Məmmədova növbəti mərhələdə türk Şevval Çayırı (3:2) üstələyib. İdmançımız yarımfinalda qazaxıstanlı Aymgül Abilovaya heç bir şans tanımayıb – 10:0. Beləliklə, həmyerlimiz ardıcıl ikinci dəfə U-17 dünya çempionatının finalına yüksəlib. R.Məmmədova həlledici görüşdə yaponiyalı Mihoko Takeuçiylə üz-üzə gəlib. Finaladək bütün rəqiblərinə tam üstünlüklə qalib gələn M.Takeuçi həlledici görüşün ilk hissəsini 3:0 öndə başa vurub. Ancaq ikinci hissədə əzmkarlıq nümayiş etdirən R.Məmmədova 5:3 hesablı qələbə ilə dünya çempionu olub.