İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində azı 15 nəfər ölüb, 125 nəfər yaralanıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Fələstinin Səhiyyə Nazirliyi məlumat yayıb.
“İsrailin Qəzza zolağına endirdiyi aviazərbələr nəticəsində biri uşaq, ikisi qadın olmaqla 15 nəfər həlak olub, 125 nəfər yaralanıb”, - məlumatda bildirilib.
**10:45
İsrail Müdafiə Ordusu (ÇAXAL) Qəzza zolağındakı hədəflərə zərbələr endirir.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə İsrail Müdafiə Ordusu məlumat yayıb.
“ÇAXAL hazırda da Qəzza zolağına zərbələr endirir. İsrailin arxa cəbhəsində xüsusi vəziyyət elan edilib”, - İsrail Müdafiə Ordusunun məlumatında deyilir.
Təl-Əvivin yerli orqanları isə Qəzza zolağında vəziyyətin gərginləşməsi fonunda şəhərdə bütün ictimai bomba sığınacaqlarının açıldığını elan edib.
Şəhər rəhbərliyi həmçinin sakinləri bütün təcili məsələlərlə bağlı “qaynar xətt”ə müraciət etməyə çağırıb.
Bundan əvvəl Fələstinin "İslami Cihad" radikal qruplaşması fəallarının Qəzza zolağından İsrailə doğru 40-a yaxın raket atdığı, onlardan 30-unun vurulduğu bildirilir. Məlumata görə, hava hücumundan müdafiə siqnalları İsrailin mərkəzi hissəsindəki Rişon-le-Sion, Bat-Yam, Holon və Yavne şəhərləri, eləcə də cənubdakı Aşkelon və Aşdod şəhərlərində işləyib.
Məlumatlarda o da vurğulanır ki, İsrailin Müdafiə Qüvvələri Qəzza zolağında “İslami Cihad” radikal qruplaşmasının silah sexlərinə, silah anbarlarına və atəş mövqelərinə zərbələr endirməklə cavab verir.
Son məlumata görə, İsrailin hava zərbələri nəticəsində 10 nəfər həlak olub, daha 55 nəfər isə yaralanıb.