“Qarabağ” (Ağdam) komandası UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində Macarıstan çempionu “Ferentsvaroş” klubuna qalib gələrək pley-off mərhələsinə yüksəlib.
Senzor.az bildirir ki, Budapeştdəki “Groupama Arena”da oynanılan matç Ağdam komandasının 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
İspaniyalı baş hakim Karlos del Serro Qrandenin idarə etdiyi oyunda komandamızın heyətində 7-ci dəqiqədə Abdullah Zubir, 55-ci və 78-ci dəqiqələrdə isə İbrahima Vadji fərqlənib. 86-cı dəqiqədə meydan sahiblərindən Adama Traore hesab arasındakı fərqi azaldıb.
Azərbaycan təmsilçisi pley-off mərhələsində Çexiyanın “Viktoriya” komandası ilə qarşılaşacaq. "Qarabağ" ilk oyununu 18 avqustda evdə, cavab görüşünü isə 25 avqustda səfərdə keçirəcək.