Bakının “Neftçi” futbol klubu UEFA Avropa Konfrans Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində avqustun 11-də cavab oyununa çıxıb.
Senzor.az bildirir ki, baş məşqçi Laurentsiu Regekampfın kollektivi səfərdə Avstriyanın “Rapid” (Vyana) komandası ilə qarşılaşıb.
Vyanadakı “Alyans” stadionunda oynanılan qarşılaşmanı norveçli hakim Rohit Saqqi idarə edib.
Qarşılıqlı hücumlar şəraitində keçən matçın birinci hissəsində hesab açılmayıb. Komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar.
Görüşdə hesabı ikinci hissədə rəqib komanda açıb. Qarşılaşmanın 66-cı dəqiqəsində meydan sahiblərinin heyətində Marko Qrüll fərqlənib.
Bakıdakı matçda "Neftçi" 2:1 hesabı ilə qalib gəldiyi üçün bu görüşdə əlavə vaxt oynanılıb. "Rapid" 112-ci dəqiqədə Ferdi Druifun vurduğu qol sayəsində hesab arasındakı fərqi artırıb. Beləliklə, rəqibinə 0:2 hesabı ilə məğlub olan "Neftçi" UEFA Konfrans Liqasında mübarizəni dayandırıb.
Bu matçın qalibi olan “Rapid” isə yekunda 3:2 hesabı ilə üstün olaraq turnirin növbəti - pley-off mərhələsinə yüksəlib. Onun rəqibi Lixtenşteynin “Vaduts” klubu olacaq.