19 avqust tarixi Xarkovda həlak olanlar üçün matəm günü elan edilib.
Bu barədə Xarkov meri İqor Terekov öz “Teleqram” kanalında bildirib.
"Əziz xarkovlular! Bu gün Xarkovda matəm günüdür. Avqustun 17-də axşam və 18-də səhər saatları Xarkov üçün müharibə başlayandan bəri ən çətin günlərdən birinə çevrildi. İnsanlar ölüb, çoxlu sayda yaralı var, o cümlədən uşaqlar”, - deyə İ.Terekov yazıb.
Modern.az xatırladır ki, avqustun 17-də rusiyalı hərbçilərin Xarkov şəhərinin Saltovski rayonunda üçmərtəbəli yaşayış binasını atəşə tutması nəticəsində son məlumatlara görə, dağıntılar altında qalan 7 nəfər ölüb, 17 nəfər (o cümlədən 11 uşaq) yaralanıb.
Bundan əlavə, avqustun 18-də səhər saat 4:30 radələrində Rusiyanın Belqorod şəhərindən Xarkov istiqamətində daha 8 raket atıılıb. Raket zərbələri Xarkovun Xolodnoqorski və Saltovski rayonlarında qeydə alınıb. Binalara, infrastruktur obyektlərinə ziyan dəyib, yanğınlar baş verib. Xüsusilə, Slobodski rayonunda raketlərdən biri 4 mərtəbəli yataqxanaya düşüb. Bina qismən dağılıb. İki nəfərin öldüyü, ikisi uşaq olmaqla 18 nəfərin yaralandığı bildirilir.