Tbilisidə Gürcüstan parlamentinin binasının girişində etiraz aksiyası keçirilir.
Senzor.az bildirir ki, aksiya iştirakçıları “Xarici agentlər haqqında” qanunun geri götürülməsini tələb edirlər.
“Bilirik ki, bu gün qanun layihəsi parlamentin bürosunda qeydiyyatdan keçməlidir. Buna görə də buna etiraz etmək, qanuna qarşı öz mövqeyini bildirmək üçün insanlar toplaşıblar. Yolumuz Avropayadır! Bu qanunun qəbulu ilə bizim Avropa yolumuz bağlanacaq”, - aksiya iştirakçılarından biri deyib.
Aksiya sosial şəbəkələr vasitəsilə təşkil olunub. Parlamentin ərazisinə polislər cəlb ediliblər. Onlar hətta akkreditə olunmuş jurnalistləri belə parlamentin binasına buraxmırlar.
Yerli ekspertlərin fikrincə, qanunun qəbulu ölkədə QHT və siyasi partiyaların fəaliyyətinə ciddi təsir edəcək. Yeri gəlmişkən, sənəddə KİV-ə və xaricdən maliyyə alan ictimai təşkilatlara “xarici təsir agenti” statusunun verilməsi təklif edilir.
Bu arada məlum olub ki, Gürcüstan Prezidenti Salome Zurabişvili “xarici agentlər” haqqında qanun qəbul olunarsa, sənədə veto qoyacaq.
Bu açıqlqmanı Prezidentin parlament katibi Georgi Msxiladze verib. Bu gün o, qanun layihəsinə baxılan Büro iclasında iştirak edib. Gürcüstan parlamentinin Bürosu “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini təsdiqləyib. İndi sənədə Məhkəmə-Hüquq Komitəsinin 12 aprel iclasında baxılacaq.
Qeyd edək ki, Gürcüstandakı xarici diplomatik korpusun nümayəndələri qanun layihəsi ilə bağlı narahatlıqlarını ifadə ediblər və bunun Gürcüstanın Avropaya inteqrasiyasını təhlükə altına qoyduğunu bildiriblər.
Yeri gəlmişkən, NATO-nun baş katibi Yens Stoltenberq də bir neçə gün əvvəl keçirdiyi mətbuat konfransında bildirmişdi ki, "Xarici agentlər haqqında" qanunun yenidən təqdim edilməsinə qarşıdır.
O bu fikirdədir ki, sözügedən qanunun tətbiqi əslində Gürcüstanda demokratik təsisatların güclənməsinə qarşı bir cəhddir.
Baş katib deyib ki, Gürcüstan NATO və Avropa İttifaqına yaxınlaşmaq üçün islahatlar üzərində işləməlidir: "Mən bir neçə həftə əvvəl Tbilisidə oldum, təbii ki, əsas mesajlarımdan biri islahatların, demokratik təsisatların gücləndirilməsinin vacibliyi idi. Gürcü xalqı da açıq şəkildə bildirdi ki, onlar Avropa, Avro-Atlantik ailəsində demokratik, firavan gələcək istəyirlər. Ona görə də qorxuram ki, “xarici agentlər”lə bağlı bu qanun Gürcüstanda fəaliyyət göstərən mediaya da təsir göstərərək, ölkəni daha güclü və daha demokratik cəmiyyətə çevirmək ideyasını sarsıdacaq".
Senzor.az