
Ukraynanın Ədliyyə naziri German Qaluşenko və Energetika naziri Svetlana Qrinçukun istefasını müzakirə etmək üçün toplaşan ölkə parlamentinin iclası ləğv edilib.
Ali Radanın iclasının birbaşa yayımına istinad edən “RBK-Ukrayna” telekanalının məlumatına görə, bir neçə deputat “real kadr qərarlarının” qəbul olunması tələbi ilə çıxışlar kürsüsünü blokladıqdan sonra parlamentin işi dayandırılıb.
Deputat Yaroslav Jeleznyakın sözlərinə görə, Qaluşenko və Qrinçukun istefaya buraxılması ilə bağlı səsvermə çərşənbə axşamına təyin edilib, lakin bloklamadan sonra spiker əvvəlcə fasilə elan edib, sonra isə iclas tamamilə dayandırılıb.
“Qaluşenko və Qrinçukun istefaya göndərilməsi üçün səsvermə noyabrın 18-nə təyin olunmuşdu, lakin çıxışlar kürsüsünün bloklanmasından sonra spiker əvvəlcə fasilə elan etdi, sonra isə iclas tamamilə dayandırıldı”, - Ukraynanın “Səs” partiyasından olan deputat Yaroslav Jeleznyak deyib.
Keçmiş prezident Petro Poroşenkonun rəhbəri olduğu “Avropa həmrəyliyi” partiyasının Ali Radadakı fraksiyası hökumətin tam istefasına baxılana qədər nazirlərin vəzifədən azad olunmasını dəstəkləməyəcəyini bəyan edib. Poroşenko başda olmaqla fraksiyasının təmsilçiləri “Hökuməti bayıra” şüarları ilə natiqlər kürsüsünü bloklayıblar.
Xatırladaq ki, noyabrın 10-da Ukrayna Milli Antikorrupsiya Bürosu (UMAB) “Enerqoatom” Milli Atom Enerjisi istehsalçışı şirkətində böyük korrupsiya sxemi ilə bağlı keçirdiyi “Midas” əməliyyatının nəticələrinə əsasən, bu əməllərdə keçmiş Energetika, hazırda isə Ədliyyə naziri olan German Qaluşenkonun iştirakı iddia edilir. Bundan başqa, korrupsiya qalmaqalında indiki Energetika naziri Svetlana Qrinçukun adı da hallandırılır. Bu iki nazir arasında intim əlaqələrin də olduğu vurğulanır.
Bu məlumatların dərcindən sonra Qaluşenko vəzifəsindən kənarlaşdırılıb. O, həmçinin Ədliyyə naziri vəzifəsindən istefa verib. Energetika naziri Svetlana Qrinçuk da istefa ərizəsi ilə müraciət edib. Ukrayna Prezidenti Volodimir Zelenski isə artıq hər iki məmuru Milli Təhlükəsizlik və Müdafiə Şurasından uzaqlaşdırıb.
Maraqlıdır ki, mənbələrə istinad edən “Ukrainskaya pravda” nəşrinin yazdığına görə, yaşanan korrupsiya qalmaqalı fonunda Volodimir Zelenskinin yaxın ətrafı ona Prezident ofisinin rəhbəri Andrey Yermakı istefaya göndərməsini məsləhət görür.