
Noyabrın 19-na keçən gecə Rusiya Ukrayna ərazisinə 470-dən çox pilotsuz uçuş təyyarəsi və 48 müxtəlif tipli raketlə hücum edib.
Senzor.az bildirir ki, Ukrayna prezidenti Volodimir Zelenski bununla bağlı “X” sosial şəbəkəsində paylaşım edib.
“Ternopolda doqquz mərtəbəli yaşayış binalarının vurulması nəticəsində yanğınlar baş verib. Təəssüf ki, binalara ciddi ziyan dəyib, insanlar dağıntılar altında qala bilər. Hazırda onlarla insanın yaralandığı və təəssüf ki, 9 nəfərin öldüyü məlumdur”, - Zelenski yazıb.
Ukrayna lideri Xarkovun da bu gecə kütləvi hücuma məruz qaldığını, o cümlədən aralarında uşaqlar da olmaqla, onlarla insanın yaralandığını bildirib. Ərazidə elektrik, nəqliyyat və mülki infrastruktura ziyan dəyib. İvano-Frankovsk vilayətində elektrik şəbəkəsinə hücum edilib, ikisi uşaq olmaqla üç nəfər yaralanıb.
“Lvov vilayətində kritik infrastruktur və enerji obyektləri hədəfə alınıb. Donetsk vilayətində bir nəfər yaralanıb. Kiyev, Nikolayev, Çerkassı, Çerniqov və Dnepr vilayətləri də vurulub”, - Ukrayna Prezidentinin paylaşımında deyilir.