
Doha şəhərində Azərbaycan Respublikası hökuməti ilə Qətər dövləti hökuməti arasında birgə iqtisadi, ticarət və texniki komissiyanın 4-cü iclası çərçivəsində Azərbaycan-Qətər Birgə Biznes Şurasının ilk iclası keçirilib.
Senzor.az Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) istinadən bildirir ki, KOBİA və Qətər Ticarət və Sənaye Palatasının təşkilatçılığı ilə keçirilən tədbirdə dövlət rəsmiləri və hər iki ölkədən iş adamları iştirak ediblər. Biznes Şuranın iclasında Azərbaycan tərəfindən turizm, xidmət, sənaye, tikinti, inşaat, dizayn, tekstil və s. kimi sektorlarda fəaliyyət göstərən 30-a yaxın şirkətin və biznes assosiasiyanın nümayəndələri iştirak ediblər.
Tədbirdə Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında birgə iqtisadi, ticarət və texniki komissiyanın həmsədrləri - Qətərin Xarici Ticarət Məsələləri üzrə dövlət naziri Əhməd bin Məhəmməd Əl Sayed və Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, Qətər Ticarət və Sənaye Palatası sədrinin birinci müavini Məhəmməd bin Əhməd bin Tvar, Azərbaycan-Qətər Birgə Biznes Şurasının həmsədrləri – KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Qətər Ticarət və Sənaye Palatası İdarə Heyətinin üzvü Məhəmməd bin Cövher Əl Məhəmməd çıxış ediblər. Azərbaycan-Qətər arasındakı iqtisadi-ticarət əlaqələri, əməkdaşlığın genişləndirilməsi perspektivləri, işgüzar dairələrin iştirakı ilə birgə layihələrin və təşəbbüslərin reallaşdırılması imkanları barədə məlumat verilib.
Biznes Şurasının iclası çərçivəsində, həmçinin İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO, Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumu, Qətərin İnvestisiyaların Təşviqi Agentliyi və “Qətər Turizm” tərəfindən müvafiq olaraq Azərbaycanın və Qətərin biznes və investisiya imkanlarına, Ələt iqtisadi zonasının fəaliyyətinə dair təqdimatlar edilib.
Azərbaycan və Qətər iş adamları təmsil etdikləri şirkətlərin fəaliyyətinə və əməkdaşlıq imkanlarına dair məlumat veriblər. Tədbir çərçivəsində iş adamları arasında “B2B” görüşlər də keçirilib.
Səfər çərçivəsində KOBİA nümayəndələri Qətər İnkişaf Bankının baş direktoru Əbdürrəhman bin Hişam Əl-Süveydi ilə görüşüblər. Görüşdə işgüzar dairələrin iştirakı ilə müxtəlif sektorlarda əməkdaşlıq imkanlarına, KOB-ların maliyyələşdirilməsi alətlərinə dair fikir mübadiləsi aparılıb.