
Erməni Kilsəsinə Ktriç Nersisyanın (II Qaregin) mövcudluğundan daha böyük zərər verən heç nə yoxdur.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu bu gün Baş nazir Nikol Paşinyan brifinqdə deyib.
“Mənim onunla çoxsaylı görüşlərim olub və bu söhbətlərdən təəssüratlar məni inandırır ki, onun müqəddəs Eçmiədzində olması kilsəyə dağıdıcı zərər vurur”, - Paşinyan qeyd edib.
Baş nazir ona tabe olan katolikosun lazım olmadığını, ona “xarici kəşfiyyatın baş leytenantına” tabe olmayan katolikosun lazım olduğunu bildirib.
“Siz kompromatlar barədə danışırsınız. Ktriç Nersisyan və onun qardaşı canlı kompromatlardır. Ktriç Nersisyanın qardaşı KQB agentidir, bundan böyük kompromat istəyirsiniz?”, - Baş nazir vurğulayıb.
Paşinyan bir qrup kilsə rəhbərinin milyonçu olduğunu, sıravi keşişlərin isə kasıb şəraitdə yaşadığını xatırladıb və növbəti dəfə bəyan edib ki, Ktriç Nersisyan getməlidir, onun başqa yolu yoxdur: “Biz sarsıntısız yolla gedəcəyik, amma o, getməlidir, hətta xarici kəşfiyyatın baş leytenantları və general-polkovnikləri də ona kömək edə bilməyəcəklər”.