
Son iki həftə ərzində Türkiyənin 33 əyalətində İŞİD terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 233 nəfər saxlanılıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial şəbəkələrdə paylaşım edib.
Əməliyyatlar Ankara, Adana, Antalya, Bursa, Əskişəhər, İstanbul, İzmir və Kayseri kimi böyük şəhərlərdə keçirilib.
Nazirin sözlərinə görə, saxlanılanlar terror fəaliyyətində iştirak etməkdə, cinayətkar təşkilatları maliyyələşdirməkdə və ya qadağan olunmuş ideologiyaları təbliğ etməkdə ittiham olunurlar.
“Məhkəmənin qərarı ilə saxlanılanlardan 51-i həbs edilib, 24-ü isə ölkəni tərk etməmək şərti ilə azadlığa buraxılıb. Qalan şəxslərin işləri istintaq orqanları tərəfindən araşdırılır”, - deyə A.Yerlikaya paylaşımında bildirib.
Türkiyə daxili işlər naziri vurğulayıb ki, terrorizmlə mübarizə yalnız əməliyyatlarla məhdudlaşmır, bu həm də kəşfiyyat orqanları ilə və aktiv beynəlxalq əməkdaşlığı əhatə edən çoxşaxəli bir işdir.