
Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 8-də İranın xarici işlər naziri Seyid Abbas Əraqçinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Senzor.az bildirir ki, Azərbaycanla İran arasında əlaqələrin böyük tarixinin olduğunu deyən Prezident İlham Əliyev qeyd edib ki, xalqlarımızın əsrlər boyu bir yerdə yaşaması münasibətlərimizə xüsusi önəm verir.
Son dövrlərdə əlaqələrimizin fəallaşmasından məmnunluğunu bildirən dövlətimizin başçısı İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfərinin, həmçinin digər yüksəkvəzifəli şəxslərin qarşılıqlı səfərlərinin əməkdaşlığın daha da genişləndirilməsinə töhfə verdiyini vurğulayıb.
Prezident İlham Əliyev ikitərəfli gündəliyin geniş olduğunu və bir çox sahələri əhatə etdiyi deyərək, bütün məsələlər üzrə konkret yol xəritələrinin olduğunu bildirib.
Hökumətlərarası komissiyanın çox uğurla fəaliyyət göstərdiyini vurğulayan dövlət başçısı bu xüsusda iqtisadi, ticari, nəqliyyat, energetika və digər sahələrdə əməkdaşlığa toxunub.
Azərbaycan Prezidenti İran nümayəndə heyətinin səfərinin uğurlu və məhsuldar olacağına əminliyini ifadə edib.
Qəbula görə təşəkkürünü bildirən Seyid Abbas Əraqçi, ilk növbədə, İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın salamlarını dövlət başçısına çatdırıb. O qeyd edib ki, İranın dövlət başçısının Prezident İlham Əliyevə və Azərbaycana böyük hörməti var. Qonaq Məsud Pezeşkianın İran Prezidenti seçilməsindən sonra Azərbaycanla əlaqələri daha da inkişaf etdirməklə bağlı tapşırıq verdiyini deyib.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Məsud Pezeşkiana çatdırmağı xahiş edib.
Seyid Abbas Əraqçi də öz növbəsində Azərbaycan-İran əlaqələrinin dərin köklərə malik olduğunu vurğulayaraq, münasibətlərimizin daha da dərinləşdirilməsinin əhəmiyyətinə toxunub.
Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


