
Milli Məclis sədrinin müavini, Vətəndaş Həmrəyliyi Partiyasından (VHP) olan deputat Rafael Hüseynova töhmət verilib.
Senzor.az bildirir ki, bu barədə VHP məlumat yayıb.
Buna səbəb kimi onun Milli Məclisdə keçirilmiş konfrans zamanı partiya sədri Sabir Rüstəmxanlının çıxışını yarımçıq kəsməsi göstərilib.
Bildirilib ki, sözügedən məsələ ilə bağlı rayon təşkilatlarından və partiya fəallarından daxil olan müraciətlər müzakirə edilib. MNTK sədri Zeynal Fətulla bildirib ki, daxil olan müraciətlərdə VHP üzvü olan deputatın iclasda aparıcılığından sui-istifadə edərək partiya sədrinə qarşı bu cür davranışının nə etik, nə də siyasi baxımdan yolverilməz olduğu bildirilir və Rafael Hüseynov haqqında tədbir görülməsi tələb edilir: "MNTK partiya Nizamnaməsinin 9.2-ci maddəsinə əsasən, Ali Məclisin üzvü Rafael Hüseynova töhmət elan edilməsi barədə qərar qəbul edib”.
Yeri gəlmişkən, Sabir Rüstəmxanlı APA-ya açıqlamasında bildirmişdi ki, bu məsələ ilə bağlı Siyasi Şuranın üzvlərinin, rayon təşkilatlarının çox ciddi narazılığı var. Ancaq Sabir Rüstəmxanlı Siyasi Şuranın iclasında Rafael Hüseynovla bağlı töhmət, inzibati cəza, partiyadan çıxarılma barədə qərar verilməsinə tərəfdar olmadığını söyləmişdi. Qeyd etmişdi ki, Rafael Hüseynovla uzun illər davam edən dostluqları var və bu məsələni də öz aralarında həll edərlər.
Rafael Hüseynov isə sayta açıqlamasında demişdi ki, dostluqda sədaqət limitsiz, toplantılarda reqlament çərçivəlidir və moderatoru olduğu konfransın da reqlamenti öncədən müəyyənləşdirilərək elan edilib. Eyni zamanda vurğulamışdı ki, Sabir Rüstəmxanlı ilə onillərin sınağından çıxmış dostluq və qardaşlıq münasibətlərinə heç nə və heç kim mənfi təsir edə bilməz.