
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana xaricdən 849,9 milyon ABŞ dolları, Azərbaycandan xaricə isə 361,4 milyon pul köçürülüb.
Senzor.az bildirir ki, bunu Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilən mətbuat konfransında qurumun Statistika departamentinin direktoru Samir Nəsirov deyib.
Onun sözlərinə görə, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 0,2 % çox və 11,5 % azdır.
AMB rəsmisi qeyd edib ki, hesabat dövründə Azərbaycana ən çox pul baratı Rusiya (343,9 milyon ABŞ dolları), Türkiyə (140,3 milyon ABŞ dolları), ABŞ (74,1 milyon ABŞ dolları), Böyük Britaniya (30,7 milyon ABŞ dolları) və Gürcüstandan (30,5 milyon ABŞ dolları) daxil olub.
Onun sözlərinə görə, 9 ay ərzində ölkədən xaricə köcürülən pul baratlarının həcminə görə isə ilk 5-likdə Türkiyə (104,5 milyon ABŞ dolları), ABŞ (55,7 milyon ABŞ dolları), Rusiya (34,3 milyon ABŞ dolları), Böyük Britaniya (20,5 milyon ABŞ dolları) və Gürcüstan (19,8 milyon ABŞ dolları) qərarlaşıb.