
Milli Məclisin bugünkü plenar iclasında gündəlikdəki məsələlərə münasibət bildirən deputatlar Prezidentin amnistiya təşəbbüsünü yüksək qiymətləndiriblər.
Modern.az-ın məlumatına görə, plenar iclasda çıxış edən deputat Aqil Abbas həmçinin, həbsdə olan jurnalistlərin də bu amnistiyaya daxil edilməsi təklif edib: “Bu, çox mühüm bir aktdır və insanların Yeni il qabağı sevincidir. Arzulayıram ki, bu, jurnalistlərə də şamil olunsun. Düzdür, günahları var, cinayətləri var, amma müəyyən cinayətləri bağışlamaq olar. Bir daha həbsdən çıxacaq dustaqları təbrik edirəm. Bir də ora qayıtmasınlar və cinayət törətməsinlər”.
Deputat Bəhruz Məhərrəmov isə bu fikrə qarşı çıxaraq ölkəmizdə həbsdə jurnalistlərin olmadığını vurğulayıb: “Bu gün bizim üçün həbsdə nə jurnalist var, nə siyasətçi, yalnız dövlət hakimiyyəti əleyhinə əməllərdə təqsirləndirilən, vətənin daşı yox, könüllü sürətdə başqa dövlətlərin ayağının tozu olmağı seçmiş vətəndaşlar var. Quyruğu qapı arasında qalanda qanunun aliliyindən danışanlar isə unutmamalıdırlar ki, qalib müstəqil Azərbaycanda siyasi mənsubiyyətindən asılı olmayaraq hər kəs qanun qarşısında bərabərdir”.
“Son amnistiya təşəbbüsü də göstərir ki, Azərbaycan dövləti, Azərbaycan Prezidenti öz vətəndaşına, o cümlədən yolunu azmış vətəndaşa da sahib çıxmağı bacarır və kənar saxta hüquq müdafiə təşəbbüslərinə ehtiyac yoxdur”, - deyə B.Məhərrəmov sonda bildirib.