
Kipr Respublikasının (Cənubi Kipr) səfiri Petros Nakuzisi İran Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Senzor.az İran mediasına istinadən bildirir ki, buna səbəb rəsmi Tehranın Kiprin və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) birgə bəyanatını ölkənin daxili işlərinə müdaxilə hesab etməsidir.
Başqa sözlə, Kiprin bəyanatda BƏƏ-nin Əbu Musa, Böyük Tunb və Kiçik Tunb adaları üzərindəki suverenliyinə dair ifadəyə dəstək verməsi İran tərəfindən “müdaxilə və təxribat” kimi qiymətləndirilib.
Qeyd olunub ki, İran xarici işlər nazirinin müavini və Fars körfəzi məsələləri üzrə baş direktor Məhəmməd Alibek görüş zamanı diplomata etiraz notası təqdim edib. Bildirilib ki, sözügedən adalar “İranın ayrılmaz hissəsi”dir və rəsmi Tehran hər hansı ərazi iddialarını qəti şəkildə rədd edir. Eyni zamanda, İran bu cür bəyanatları dövlətlərin milli suverenliyi və ərazi bütövlüyünə hörmət prinsiplərinin pozulması kimi qiymətləndirir.
İran XİN, həmçinin Kipr hakimiyyətini yol verilən səhvi dərhal düzəltməyə və gələcəkdə bu cür addımlardan çəkinməyə çağırıb.
Xatırladaq ki, İran və BƏƏ uzun illərdir Hörmüz boğazına yaxınlığı və regiondakı neft potensialına görə strateji mövqedə olan Əbu Musa, Böyük Tunb və Kiçik Tunb adaları üzərində mübahisə edirlər. Adalar 1971-ci ilə qədər İngiltərənin nəzarətində olub. 1971-ci ilin noyabrında İngiltərə adaları BƏƏ-yə təhvil verərək geri çəkildikdən sonra İran əraziləri ələ keçirib. BƏƏ adalarda hərbi qüvvələrini yerləşdirən İranı işğalçı adlandırır.