
Dekabrın 27-nə keçən gecədən başlayaraq Rusiya qoşunları Kiyev şəhərinə və vilayətinə kütləvi hava hücumu həyata keçirirlər.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, saatlarla davam edən çoxkombinasiyalı hava hücumu zamanı Kiyevdə intensiv partlayış səsləri eşidilir. Hava hücumu zamanı müxtəlif tipli raketlər və zərbə dronlar tətbiq olunur.
Ukraynanın Energetika Nazirliyinin məlumatına görə, hava hücumunun əsas hədəfi enerji infrastrukturudur. Artıq Ukrayna paytaxtının bəzi ərazilərində qəza enerji kəsintiləri baş verir.
Hazırda Kiyevdə insanlar sığınacaqlarda məskunlaşıb.
Kiyev şəhər meri Vitali Kliçkonun son açıqlamasına görə, paytaxta edilən hava hücumu zamanı azı 11 nəfər yaralanıb.
Şəhərin üçdəbiri hazırda işıqsız qalıb. V.Kliçko hava hücumu zamanı baş verən partlayışlar nəticəsində Kiyevin havasında çirklənmənin yüksək olduğunu da açıqlayıb. Əhaliyə pəncərələri açmamaq və çoxlu su qəbul etmək tövsiyə olunub.
Kiyev şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko isə bildirib ki, hazırda Kiyevin 10-a yaxın lokasiyasında dağıntılar qeydə alınıb. Bunların əksəriyyəti hündürmərtəbəli yaşayış binalarıdır.
Dağıntılar altında insanların qaldığı istisna edilmir.
Hava hücumu hələ də davam edir.