
Ukrayna Prezidenti Vladimir Zelenski son 24 saat ərzində Rusiya qüvvələrinin Kiyevə təxminən 500 dron və 40 raket atdığını bildirib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, dövlət başçısı bu barədə öz Teleqram səhifəsində yazıb.
"Növbəti Rusiya hücumu hələ də davam edir. Gecədən bəri təxminən 500 dron, əhəmiyyətli sayda "Şahid"lər, həmçinin "Xəncər"lər də daxil olmaqla, 40 raket atılıb. Hücumların əsas hədəfi Kiyevin enerji və mülki infrastrukturudur", - Ukrayna lideri qeyd edib.
V.Zelenski həmçinin vurğulayıb ki, Rusiyanın kombinə edilmiş zərbələri nəticəsində yaşayış evləri zədələnib: "Paytaxtın və vilayətin bəzi rayonlarında elektrik və istilik təchizatı yoxdur. Hazırda yanğınların söndürülməsi davam edir. Artıq bəzi enerji obyektlərində təmir briqadaları işə başlayıb, digərlərində isə heyət sığınacaqlardadır - xilasedicilər və təmirçilər hava həyəcanı siqnalları bitən kimi işə başlayacaqlar".
Ukrayna Prezidenti daha sonra bildirib: “Ukraynanın müdafiəsini, insanların həyatının qorunmasını bundan sonra da dəstəkləmək vacibdir. HHM-in təchizatı kifayət qədər və vaxtında olmalıdır, xüsusilə də indi buna ehtiyac daha çox olduğu vaxtda. Həyatların qorunmasında gecikmələr olmamalıdır. Bu işdə kömək edən hər bir ölkənin liderinə minnətdarlığımı bildirirəm. Əlbəttə, biz diplomatik fəallığımızı azaltmayacağıq. Lakin təhlükəsizlik olmadan diplomatiya işləməyəcək. Təhlükəsizlik barədə dünyanın güclü dövlətləri qayğı göstərməlidir və biz bu barədə, o cümlədən bu gün və sabah Avropa liderləri, Kanadanın Baş naziri və ABŞ Prezidenti ilə danışacağıq. Ukraynanın yanında olan hər kəsə təşəkkür edirəm!”.
Bu arada Kiyevin meri Vitali Kliçko bildirib ki, son zərbələr nəticəsində xəsarət alanların sayı 22-yə çatıb, onlardan ikisi uşaqdır.
Onun sözlərinə görə, hazırda 12 nəfər xəstəxanaya yerləşdirilib.
Mer onu da vurğulayıb ki, paytaxta ötən axşamdan başlanan hücum hələ də davam edir.