
HƏMAS-ın yaxın günlərdə və ya bir neçə həftə ərzində yeni lider seçəcəyi bildirilir.
Bu barədə Səudiyyə Ərəbistanının “Aşarq” nəşri təşkilata yaxın mənbələrə istinadən xəbər verib.
Mənbələrə görə, əsas iki namizəd – HƏMAS-ın keçmiş rəhbəri Xalid Məşəl və Qəzza Siyasi Bürosunun rəhbəri Xəlil əl-Həyyadır. İran xəttinə yaxın sayılan Həyya İsrail ordusu tam geri çəkilənədək silahlı mübarizənin davam etdirilməsinin tərəfdarıdır. Qətərə yaxın göstərilən Məşəl isə diplomatik kompromis xəttini dəstəkləyir.
Məlumata əsasən, təşkilat daxilində daha geniş dəstəyə malik olduğu üçün Xəlil əl-Həyyanın qalib gələcəyi ehtimal edilir. Seçkini təxminən 50 nəfərdən ibarət Ümumi Şura keçirəcək.
"Teleqraf" xatırladır ki, HƏMAS lideri hər dörd ildən bir seçilir. 2021-ci ildə seçilən İsmayıl Haniyyə 2024-cü ildə öldürülüb, daha sonra Yahya Sinvar da zərərsizləşdirilib və təşkilata hazırda Müvəqqəti Şura rəhbərlik edir.