Ukrayna Prezidenti Vladimir Zelenski Donbasda vəziyyətin gərginləşməsi fonunda dünən bir daha xalqa üz tutub.
Bu barədə rbc.ua məlumat yayıb.
Dövlət başçısı bəyan edib ki, Rusiyanın qondarma respublikaları tanıması o deməkdir ki, “biz orada deyilik” ifadəsi “biz buradayıq” ifadəsilə əvəzlənib və bu qərarla Rusiya faktiki olaraq Minsk razılaşmalarından çıxıb.
Zelenski qeyd edib ki, Ukrayna Rusiya ilə həm ikitərəfli formatda, həm də digər dövlətlərin iştirakı ilə danışıqlara hazırdır.
Ukrayna Prezidenti Rusiyaya qarşı sanksiyaları alqışlayıb. O, həmçinin ümumi səfərbərliyin hələ planlaşdırılmadığını deyərək xüsusi müddət ərzində ehtiyatda olan hərbçilər üçün çağırış elan edib.
Dövət başçısı Ukraynada iqtisadi vətənpərvərlik proqramına start verildiyini, bununla da xüsusilə biznesin vergi yükünün azaldılacağını və yoxlamaların məhdudlaşdırılacağını nəzərə çatdırıb.
Qeyd edək ki, Zelenski artıq bir dəfə vətəndaşlara müraciət edib. Son videomüraciətində Prezident yuxusuz gecə üçün heç bir səbəb olmadığını, Ukrayna sərhədlərinin etibarlı şəkildə qorunduğunu bildirib.
Zelenskinin müraciəti Rusiyanın qondarma respublikaları tanıması fonunda çağırılan Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasından sonraya təsadüf edib.
Dövlət başçısı bildirib ki, Ukrayna Rusiya Federasiyasının hərəkətlərini suverenliyin pozulması kimi qiymətləndirir və bu, Rusiya Federasiyasının Minsk razılaşmalarından çıxması anlamına gəlir.
Xatırladaq ki, dünən Estoniya Prezidenti ilə mətbuat konfransı zamanı Zelenskiyə Ukraynada hərbi vəziyyətin tətbiq edilib-edilməyəcəyi ilə bağlı sual verilib. Dövlət başçısı bildirib ki, o, tammiqyaslı hərbi eskalasiyanın mümkünlüyünə inanmır. Lakin bu baş verərsə, Ukraynada hərbi vəziyyət tətbiq olunacaq.