
Azərbaycanın tanınmış kulinariya platformalarından biri olan Dadkes.az sosial media səhifəsinə son günlər İrandan müxtəlif adlar altında ölüm təhdidi xarakterli mesajlar daxil olur.
Bloqun müəllifi Modern.az-a açıqlamasında bölgə mətbəxinə aid videolar paylaşdığı üçün hədəfə alındığını bildirib.
Məlumata görə, İran xüsusi xidmət orqanının əməkdaşları olduqları ehtimal edilən istifadəçilər səhifə sahibinə qarşı ölümlə hədələyən mesajlar göndərirlər. Təhdidlərin səbəbi kimi bloqda Təbriz, Culfa, Ərdəbil, Urmiya və digər Güney Azərbaycan bölgələrinə məxsus yeməklərin hazırlanması və bu videolarda Azərbaycan bayrağının istifadəsi göstərilir. Sözügedən vizualların paylaşılması bəzi dairələr tərəfindən “siyasi jest” kimi qiymətləndirilib və bu, İranda sosial media vasitəsilə koordinasiya edilən hücumlara səbəb olub.
Səhifə sahibi Ülkər Zeynalova bildirib ki, baş verənlər ifadə azadlığının və mədəni irsə bağlılığın hədəfə alınmasıdır: “Biz sadəcə öz soydaşlarımızın mətbəxini və ənənələrini tanıtdırırıq. Təhdidlərin artması məni narahat edir, buna görə də müvafiq dövlət qurumlarına müraciət edəcəyəm”.
Hazırda təhdid mesajlarının hansı qruplar tərəfindən koordinasiya edildiyi araşdırılır.
Dadkes.az rəhbərliyi hüquq-mühafizə və xüsusi xidmət orqanlarına müraciət edəcəyini təsdiqləyib və qeyd edib ki, fəaliyyətlərini dayandırmayacaqlar.
Hadisə sosial mediada geniş müzakirələrə səbəb olub və bir çox istifadəçilər bloq sahibinə dəstək ifadə edərək mədəni irsin təbliğinin heç bir halda təhdid obyektinə çevrilə bilməyəcəyini vurğulayıblar.

