
İranın son şahının böyük oğlu Rza Pəhləvi İslam Respublikasının mümkün süqutundan sonra təsis ediləcək dünyəvi dövlətin əsas siyasi xəttini açıqlayıb.
Pəhləvinin iranlılara müvafiq müraciəti onun "X" sosial şəbəkə hesabında paylaşılıb.
O bildirib ki, ilk növbədə, İranın hərbi nüvə proqramı sonlandırılacaq, regional və qlobal tərəfdaşlarla birlikdə terrorizmə, mütəşəkkil cinayətkarlığa, narkotik qaçaqmalçılığına və radikal islamizmə qarşı mübarizə aparacaq.
"ABŞ ilə münasibətlər normallaşacaq, Amerika və onun xalqı ilə dostluğumuz bərpa olunacaq. İsrail dövləti dərhal tanınacaq. Biz "İbrahim sazişləri"ni genişləndirərək azad İranı, İsraili və ərəb dünyasını bir araya gətirəcək "Kir" razılaşmalarına çevirməyə çalışacağıq", - o qeyd edib.
R. Pəhləvi əlavə edib ki, demokratik İran öz iqtisadiyyatını ticarətə, investisiyaya və innovasiyaya açacaq, dünyaya sərmayə qoymağa çalışacaq.
"İslam Respublikasının süqutu və İranda dünyəvi, demokratik hökumətin qurulması yalnız xalqımın ləyaqətini bərpa etməyəcək, həm də regiona və dünyaya fayda verəcək", - Pəhləvi fikrini yekunlaşdırıb.