
Kiyev məhkəməsi Ukraynanın müxalif “Batkivşina” partiyasının sədri Yuliya Timoşenkoya qarşı qətimkan tədbiri kimi 33,3 milyon qrivna (təxminən 760 min dollar) həcmində girov təyin edib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə məhkəmə iclasında hakim məlumat verib.
“İttiham tərəfinin vəsatəti qismən təmin olunsun, qətimkan tədbiri kimi 33,3 milyon qrivna həcmində girov müəyyən edilsin”, - hakim bildirib.
Bu tədbir pul faktiki ödənilmədən Timoşenkonun həbs olunmasını nəzərdə tutmur. Həmçinin, qərara əsasən, o, Kiyev vilayətindən kənara çıxmamalı, yaşayış və iş yerini dəyişdiyi barədə məlumat verməli, bəzi deputatlarla ünsiyyətdən çəkinməli və pasportunu təhvil verməlidir.
Xatırladaq ki, Ukrayna Korrupsiyaya qarşı Mübarizə Bürosu yanvarın 14-də Yuliya Timoşenkonun ofisində axtarış aparıb. O, qanun layihələri üzrə səsvermə üçün Ali Rada deputatlarına rüşvət verməkdə ittiham olunur.