
Suriya lideri Əhməd Əl Şaraa amerikalı həmkarı Donald Trampla apardığı telefon danışığında ölkəsindəki vəziyyəti müzakirə edib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Suriya Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Liderlər Suriyanın birliyinin və müstəqilliyinin qorunmasının, həmçinin ölkədə sabitliyin əldə olunmasına yönəlmiş bütün səylərin dəstəklənməsinin vacibliyini təsdiqləyiblər. Danışıq zamanı Suriyanın tərkibində kürd əhalisinin hüquqlarının və müdafiəsinin təmin edilməsinin zəruriliyi vurğulanıb.
Tərəflər həmçinin İŞİD terror təşkilatına qarşı mübarizəni və ondan qaynaqlanan təhdidlərin aradan qaldırılmasını davam etdirmək barədə razılığa gəliblər. Hər iki prezident Suriyanı güclü və vahid, regional və beynəlxalq çağırışlara qarşı dura bilən bir dövlət kimi görmək istədiklərini ifadə ediblər.
"Müzakirə zamanı bir sıra regional məsələlər də gündəmə gətirilib, Suriyaya daha yaxşı gələcəyə doğru irəliləmək üçün yeni imkanların verilməsinin vacibliyi vurğulanıb", – deyə məlumatda qeyd olunub.