
Çeçenistan lideri Ramzan Kadırov Moskvada Dağıstandan olan senator Süleyman Kərimovla görüşüb.
Teleqraf xəbər verir ki, o, görüşün məhsuldar keçdiyini söyləyib və Kərimovu "qardaş" adlandırıb.
Kadırov özünün Telegram kanalında yazıb: "Moskvada qardaşım, Rusiya Federasiyasının senatoru Süleyman Kərimovla məhsuldar görüş keçirdim. İnanıram ki, Çeçenistan və Dağıstan xalqları bizim kimi qardaşdırlar".
Xatırladaq ki, 2024-cü ilin sonlarında Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiya Dövlət Dumasının deputatları Bekxan Barahoyev, Rizvan Kurbanov və Dağıstandan olan senator Süleyman Kərimovu hədələmişdi.
Kadırov onlara qan düşmənçiliyi elan etmiş və qisas alacağını bildirmişdi.
Kadırov iddia etmişdi ki, adları çəkilən vəzifəli şəxslər “Wildberries” şirkəti ətrafında yaranan münaqişəyə görə onun qətlini sifariş ediblər. Guya deputat Süleyman Kərimov onun aradan götürülməsi üçün 100 milyon təklif edib.
Kadırov onu da əlavə etmişdi ki, adıçəkilən şəxslər günahsız olduqlarını sübut etsələr, qisas almağı dayandırmağa hazırdır.