
Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Udmurtiyada polis şöbəsində təxribat cəhdinin qarşısını alıblar.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə qurumun İctimai Əlaqələr Mərkəzindən məlumat verilib.
Saxlanılan Rusiya vətəndaşı əvvəllər terror və ekstremist xarakterli cinayətlərə görə məhkum olunub. O, DİN-in "Mojqinski" şöbəsinə silahlı hücum planlaşdırırdı. Onun qarajında terror aktı törətmək üçün əldəqayırma partlayıcı qurğu və digər silahlar aşkar edilərək zərərsizləşdirilib.
Həmin şəxs barəsində Rusiya Cinayət Məcəlləsinin 30-cu maddəsinin 1-ci hissəsi, 205-ci maddəsinin 1-ci hissəsi (terror aktı törətməyə hazırlıq) və 222.1-ci maddəsinin 1-ci hissəsi (partlayıcı maddələrin və ya partlayıcı qurğuların qanunsuz əldə edilməsi, satışı, saxlanılması, daşınması və ya gəzdirilməsi) üzrə cinayət işi açılıb.