
Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ Dövlət katibi Marko Rubio Münxen Təhlükəsizlik Konfransı çərçivəsində qeyri-rəsmi görüş keçiriblər.
Senzor.az xarici KİV-ə istinadən bildirir ki, görüş təxminən 40 dəqiqə davam edib.
V.Zelenski sonradan öz Teleqram kanalında yazıb ki, onlar Ukraynanın enerji obyektlərinə Rusiyanın zərbələrinin nəticələrini və sülh danışıqlarının gedişini müzakirə ediblər.
"Mən Rubionu cəbhədəki vəziyyət, Rusiyanın zərbələri və enerji sisteminə hücumların nəticələri barədə məlumatlandırdım. Qışın soyuğunda insanların həyat təhlükəsizliyi və bizim davamlılığımızı gücləndirmək barədə danışdıq", - paylaşımda qeyd olunub.
Zelenskinin sözlərinə görə, onlar diplomatik prosesi və Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə Kiyev, Vaşinqton və Moskva arasında üçtərəfli görüşləri də ətraflı müzakirə ediblər.
"Cenevrədə planlaşdırılan danışıqların nəticəli olması vacibdir və mən ABŞ-a konstruktiv yanaşmaya görə təşəkkür edirəm. Addımların ardıcıllığı məsələsinə də toxunduq. Təhlükəsizlik təminatları və iqtisadi bərpa məsələlərində irəliləyişin olması vacibdir", - Ukrayna lideri yekunda vurğulayıb.