
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Kiyevin Şevçenkovskiy rayonu ərazisində, o cümlədən "Beresteyska" və "Şulyavska" metrostansiyaları yaxınlığında, "Pobeda" prospektində ağır döyüşlər gedir.
Döyüşlər getdikcə şiddətlənir. Qeyd edilir ki, "Beresteyska" yaxınlığındakı körpü partladılıb. Rusiya hərbçiləri "Şulyavska" metrostansiyası yaxınlığında hücuma keçiblər.
Xarkovda isə Rusiya hərbçiləri Qan Mərkəzini və təhsil müəssisəsini atəşə tutub, dinc əhali arasında itkilər var.

Regional Dövlət Administrasiyasının rəhbərinin sözlərinə görə, Rusiyanın Xarkov vilayətinə hücumu başlayandan indiyədək 82 nəfər yaralanıb: onlardan 59-u mülki şəxs, 23-ü hərbçidir. Hərbi əməliyyatlar zamanı 11 nəfər həlak olub: onlardan 4-ü hərbçi və 7-si mülki şəxsdir.
Bu arada UNİAN qeyd edib ki, fevralın 26-da səhər saat 05:35 (Bakı vaxtı ilə saat 07:35) radələrində Vinnitsada hava həyəcanı elan edilib. Hələlik şəhərdə baş verənlərlə bağlı təfərrüatlar məlum deyil.
Xatırladaq ki, fevralın 24-də Rusiya Ukraynada müharibəyə başlayıb. Həmin gün Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə hərbi vəziyyət tətbiq edib.